Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Rəhbərin işində müntəzəmlik çox vacibdir. Əslində, müntəzəmlik həyatın bütün sahələrində əhəmiyyətlidir. Çox vaxt nəticə əldə etmək üçün gündən-günə, həftədən-həftəyə, aydan-aya, bəzən illərlə eyni işlə məşğul olmaq lazım olur. Həm də bu nə qədər cansıxıcı olsa da, həmin işin keyfiyyəti bəlli bir səviyyədən aşağı düşməməli, onu diqqətsiz və az qayğı ilə də görmək olmaz.
Paretonun 80/20 qanunun məntiqi ilə ehtimal etmək olar ki, müntəzəm işlər, əsasən, cəmi 20% nəticəni təmin edən 80% səyləri təşkil edir. Amma digər 20% səylərin göstərilməsinə imkanın olması üçün qeyd olunan müntəzəm işlərin görülməsi şərtdir. Yoxsa hər kəs elə yüksək məhsuldarlığı olan 20% səylərlə məhdudlaşardı.
Müntəzəm işləri sevən insan heç qarşıma çıxmayıb. Yeni ideya, yeni layihə, yeni müştəri, yeni iş və sair yenilər ruhlandırır və motivasiyanı göylərə qaldırır. Amma bu çox davam etmir. Müəyyən müddətdən sonra bu yenilik də adiləşir və insanı sıxmağa başlayır. Nadir insanlar motivasiya və keflərindən asılı olmadan cansıxıcı işi də görməyə davam edirlər, inkişaf üçün də çalışırlar. Müntəzəmlik peşəkarlığın xüsusi əlamətidir, ona inkişaf naminə işlərlə məşğul olma iradəsi əlavə olunduqda isə tamamən müstəsna keyfiyyətlərə malik şəxs ortalığa gəlir. Əsl rəhbər, lider və qurucu!