Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Əksər namizədlər iş axtarışı zamanı iş müsahibələrinə, demək olar ki, heç hazırlaşmırlar. Onlar hələ də CV və ya “Resume” yazılıb göndərilməsi ilə işin bitdiyini hesab edirlər. Bir çoxları, ələlxüsus karyerasının ilk addımlarını atanlar şirkəti tanıyıb-tanımamalarından, bəzən vəzifədən də asılı olmadan öz CV və ya “Resume”sini bütün vakansiyalara göndərir və bununla işə qəbul şanslarını sanki artırır. Nəhayət, müsahibəyə dəvət gəlir və namizəd görüşə yollanır.
İş tapmaq mövzusunda saysız kitablar, məqalələr, postlar və videoçarxlar var. Onların əksəriyyəti müsahibəyə dəvət edən yeri araşdırıb iş görüşməsi zamanı bunu nümayiş etdirməklə məhz bu işdə maraqlı olduğunuzu göstərməyi məsləhət görür. Amma namizədlər öz bildikləri kimi davranırlar və çox zaman heç bir araşdırma aparmırlar. İri şirkətlər barədə, demək olar ki, hər kəs bir balaca məlumatlı olur və qarşı tərəfin “şirkətimiz barədə nə bilirsiniz?” sualına nə isə cavab verə bilir. Hərçənd təcrübəli müsahibəçi cavabdan başa düşür ki, səsləndirilənlər hər kəsə məlum ümumi faktlardır və ya namizəd müsahibəyə hazırlaşıb. Amma kiçik və orta şirkətləri araşdırmadan həmin sualı cavablandırmaq olmur. Vakansiya elan edilən iş yeri tanınmış şirkət olmayanda “şirkətiniz barədə məlumatım yoxdur” cavabı da az qarşılaşılmır. Konsaltinq xidməti göstərdiyimiz şirkətlərin bəzilərinin işçi seçimi prosesində iştirak etdiyim üçün mən də qeyd olunan cavabla az qarşılaşmıram. Mənim üçün bu cavab “özümə əziyyət verib şirkətinizi araşdırmağa ehtiyac görməmişəm” anlamına gəlir və namizədin biganə münasibətinin göstəricisidir. Əgər namizəd iş tapmaqda maraqlı olduqda belə davranırsa, gələcəkdə daha az maraqlı olacağı iş məsələlərində necə hərəkət edəcəyi aydın olur.
Odur ki iş axtarışında olanların hər müsahibədən əvvəl potensial işəgötürənin nə ilə məşğul olduğunu, digərlərindən nə ilə fərqləndiyini araşdırmaqla işə qəbul şanslarını bir az da olsa, artırmaları məsləhətdir.