blogpost-title

İdarəetmə

Komanda çalışması

Kommunikasiya

Şəxsi inkişaf

“Yüksəliş” mənim gözümlə

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bu il “Yüksəliş” müsabiqəsinə ekspert qismində qatılmışdım. “Nəyə görə iştirakçı olmamısan, qalib gəlmək şansın yüksək idi?” qəbildən çoxsaylı suallara da aydınlıq gətirim. Yanaşmama görə, 19 illik idarəetmə təcrübəmlə müsabiqəyə qatılmağım digər iştirakçılara münasibətdə ədalətsiz olardı, mənə ciddi üstünlük yaradırdı. Təcrübəsinə görə daha gənc nəsil idarəçilərə yol verməyin doğru olduğunu hesab edirəm. İndi isə keçək mətləbə.

“Yüksəliş”ə cəmiyyətin bir, iştirakçıların başqa, ekspertlərin üçüncü və birbaşa təşkilatçıların dördüncü baxışı var və hər birinin də tam əsası var və bir-birindən kifayət qədər fərqlənə bilər. Ekspert qismində yarışmanı daxilindən necə gördüm?

1-1.jpg

Belə müsabiqənin mövcudluğu, onun ölkə başçısının sərəncamı ilə keçirilməsi, mentor qismində nazirlərin və digər yüksəkvəzifəli şəxslərin iştirakı ölkəmizin hansı istiqamətdə getməsi barədə cəmiyyətə ciddi bir siqnaldır. Müasir dövrdə biliyin, bacarığın, özünü inkişafın faydasını əks etdirən uğur rəmzinə ciddi ehtiyacımız var və “Yüksəliş” qalibləri məhz bu vəzifəni yerinə yetirirlər. Çünki indi uşaq və gənclərin bir çoxu üçün uğur simvolu qismində məzmunsuz, lakin məşhur blogerlər, savadsız, lakin yüksək gəlir əldə edən insanlar çıxış edirlər. Təbii ki, yazılan qətiyyən bütün bloger və yüksək gəlir əldə edənlərə aid deyil.

Bu il 15 877 nəfər yarışmaya qatılmışdı. Yarımfinal və finalda çıxan iştirakçılar onlayn və əyani sınaqlar vasitəsilə ələkdən keçirilmişdi. Yarımfinala yüksələn 328 iştirakçıdan 32 nəfərin, finalda isə 118-dən 24-ünün qiymətləndilməsində iştirak etmək imkanım oldu. Hamısı əla təhsilli, gözəl danışıq qabiliyyətinə, liderlik keyfiyyətlərinə, geniş dünya görünüşünə malik şəxsləri idi. Bir nəfər barədə də məndə sual yaranmadı ki, bu adam bu mərhələyə neçə düşüb. Bu isə seçimin obyektiv və kifayət qədər hərtərəfli olduğunun göstəricisidir. Bir çox iştirakçılar ilk dəfə deyildi ki, müsabiqəyə qatılırdı. Bu da onların yaxşı mənada inadkarlığının göstəricidir. Bu mövzuda da mental dəyişdiyimizə çox sevinirəm, xalq olaraq təslim olmamaq və sonadək mübarizə aparmaq genetik kodumuzun xüsusiyyətinə çevrilir. Bir də bu qədər istedadlı və məqsədyönlü cavanlarımızın olması Azərbaycanın sabahına inamla baxmağa əsas verir.

3-1.jpg

Ekspert həmkarlarımın gərgin əməyini qeyd etməliyəm. Həm yarımfinal, həm də final fiziki cəhətdən ekspertlər üçün ciddi bir sınaqdır. Çoxlu sayda həm zehni, həm də fiziki əmək sərf olunur. Hər iki mərhələdə bir neçə gün davam edən gərgin təlimlərdən sonra 2 gün dalbadal ən azı 12 saat ərzində işləmək lazım olur. İştirakçıların dincəldiyi fasilələrdə ekspertlər həm əvvəlki tapşırıqları qiymətləndirməyi, həm növbəti tapşırıqlar üçün rekvizitləri hazırlamağı, həm yeni təlimatları almağı, həm də dincəlməyi çatdırmalıdırlar. Amma etiraf edim ki, şəxsən mənim üçün bu gərginlik əlavə adrenalin mənbəyi idi və ekspertlər icmasının tərkib hissəsi olmaq təkrarolunmaz xoş hiss yaradırdı.

5-1.jpg

Biz ekspertlər ildə iki həftə bu rejimdə çalışırıq. Amma ən çox əziyyəti keçən “Yüksəliş”in işçi qrupudur – Fərhad müəllim, Elmira xanım, Yuliya xanım, Emin bəy və digər həmkarlar. Onlar il boyu gərgin çalışıb bu möhtəşəm layihəni ərsəyə gətirirlər və buna görə xüsusi təşəkkür və alqışa layiqdirlər.

Müsabiqənin yaxşılaşdırmaq üçün iş aparılırmı? Bəli və davamlı. Ölkəmizin belə müsabiqəyə ehtiyacı varmı? Şübhəsiz! “Yüksəliş”in bir parçası olmaq, ölkəmizin inkişafına kiçik töhfə vermək mənim üçün çox şərəfli idi!