Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Həm təlimlər, həm də konsaltinq fəaliyyətim çərçivəsində ilk dəfə rəhbər təyin olunan şəxslərlə çox qarşılaşıram və əksəriyyət oxşar vəziyyəti yaşayır. Təbii ki, rəhbər təyin olunmağına hamı sevinir və bunu həm əvvəlki işinin qiyməti kimi, həm status artımı kimi, həm də gəlir artımı kimi və sairə müsbət cəhətlərin göstəricisi kimi dəyərləndirir. Lakin, demək olar ki, heç kim əvvəl mütəxəssis olduğu dövrdəki kimi uğurlu olması üçün rəhbər olandan sonra onlardan nə tələb olunduğunu, nəyin gözləndiyini aydın bilmir. Bir çoxları düşünürlər ki, elə əvvəlki kimi davam etməlidirlər. Məntiq də var, öncəki işləri davamlı müsbət dəyərləndirilib. Digərləri əvvəlkindən daha gərgin işləməyə çalışırlar, imkan olduqca keçmiş həmkarlarının, indiki tabe olanların boşluqlarını da öz əməkləri hesabına doldurmağa cəhd edirlər. Amma, demək olar ki, heç kim “mən indi rəhbərəm, məndən, əsasən, idarəetmənin tələb olunduğu, yəni işin digərlərin vasitəsilə icra olunmasının təşkilinin gözlənildiyi” fikrində deyil.
Çox sevindirici haldır ki, ölkəmizin iri şirkətlərində mütəxəssisləri rəhbər təyin edərkən onların idarəetmə bacarıqlarına dair təlimlərə cəlb edilməsi və rəhbərin əsas vəzifələrinin izah edilməsi praktikası var. Qalan şirkətlərin əksəriyyətində isə yeni rəhbərin təyinatı onun bu barədə məlumatlandırılması ilə məhdudlaşır. Bundan sonra həmin şəxs rəhbərlik etdiyi şəxslərlə üz-üzə qalır və idarəetmənin sirlərini özü kəşf edir. Nəticədə, onlar çox vaxt yanlış idarəetmə tərzi formalaşmış bacarıqsız rəhbərlərə çevrilirlər. Hərçənd kiçik təlimatlandırma və müəyyən müddət dəstək əla mütəxəssisin ən azı yaxşı, tədricən isə əla rəhbərə dönməsinə gətirir.
Sonda yeni rəhbərlərə üz tutub demək istəyirəm ki, rəhbər olduqdan sonra sizdən ilk növbədə gözlənilən mütəxəssis kimi davranmağınız yox, idarəetmə ilə məşğul olmağınızdır.