blogpost-title

İdarəetmə

Kommunikasiya

Rəhbərin emosionallığı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İdarəetmə bacarıqlarına dair təlimlərimizdə tez-tez rəhbərin emosionallığı məsələsi qalxır. İştirakçılar təbiətlərindən irəli gələn emosionallıqdan əziyyət çəkdiklərini bildirirlər. İnsanın xarakteri onun idarəetmə tərzinə birbaşa təsir edir. Xarakteri tam dəyişmək mümkün olmasa da, onu daha yaxşı tanıyıb müsbət xüsusiyyətlərini daha çox istifadə etmək, mənfi xüsusiyyətlərinin təsirini isə məhdudlaşdırmaq mümkündür.

Emosionallıqla bağlı məsələnin iki formasını ayırmaq olar. Bir var ki, rəhbər baş verənlərə emosional, ilkin reaksiya verir və bununla məhdudlaşır. Adətən, reaksiya mənfi olanda əməkdaşlarla münasibətlər pozulur. Amma bundan daha pis hal odur ki, rəhbər davamlı emosional qərarlar verir. Həmin qərarları verənlərin bəziləri sonra yanlış qərarlarını dəyişir, bəziləri isə, ümumiyyətlə, sözlərindən dönmürlər. Onu da qeyd edim ki, emosional qərar yanlış qərar demək deyil, lakin əksər vaxt soyuq başla təhlil edəndə daha optimal qərar verilə bildiyini müəyyən etmək olur.

Beləliklə, idarəetmədə emosiyaların xeyirdən çox ziyanı var. Emosionallıq aniliklə müşahidə olunur. Fasilə götürüb kiçik də olsa, analiz etməyin hər zaman yalnız faydası var. Amma çoxları, hətta emosional olmayan rəhbərlər də qətiyyətli idarəedici olduqlarını nümayiş etdirmək üçün yerində qərar verməyə üstünlük verirlər.

Emosionallıqla mübarizənin çox sadə bir yolu var. Yerində geri bildirim verməməyə, dərhal qərar verməməyə vərdiş etmək lazımdır. Təzə-təzə bu alqoritm işləməyəcək, amma hər emosiya qurbanı olduğunuz haldan sonra bu qaydanı xatırlayanda tədricən onu işlək vəziyyətə gətirmək olacaq.

Sonda onu da qeyd edim ki, hər birimiz insanıq və emosiyasız həyat mümkün deyil. Tam emosiyasız şəxs artıq bir robota çevrilir. Ona görə emosiyaların tam da ləğvinə cəhd etməyə ehtiyac yoxdur. Əməkdaşlar belə davranışı da bəyənmir və qeyri-səmimi hesab edirlər. Emosiyaları sadəcə idarə etmək lazımdır ki, onlar sizi idarə etməsinlər.