blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Rəhbər nə ilə məşğul olmalıdır?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İdarəetmə təlimlərimizdə davamlı təbliğ etdiyim fikir odur ki, rəhbər iş vaxtının daha çox hissəsini idarəetmə ilə məşğul olmalıdır. Rəhbərdən əsas tələb olunan idarə etdiyi struktur bölmənin iş nəticələrini əməkdaşların əməyi ilə hazırlanmasıdır.

Rəhbərin qeyri-rəhbər əməkdaşlardan əsas fərqi odur ki, əməkdaşlar iş nəticələrini özləri təmin edirlər, rəhbərlər isə əməkdaşlar vasitəsilə. Hər bir halda rəhbər işin müəyyən hissəsini özü görəcək, lakin idarəetmə pilləkəni üzrə qalxdıqca özünün gördüyü işə sərf etdiyi vaxt azalmalı, idarəetməyə sərf etdiyi vaxt artmalıdır. Təbii ki, rəhbərin çalışdığı sahə, ona tabe olan işçilərin bilik və bacarıqları idarəetmə tərzinə ciddi təsir edir. İki kiçik mühasibin rəhbəri olan baş mühasib, üç təcrübəsiz laborantı idarə edən laboratoriya müdiri vaxtlarının heç yarısını idarəetməyə sərf edə bilməzlər və onlar daha çox baş mütəxəssis kimi davranmağa məcburdurlar. Amma həmin şəxslər mütəxəssis davranışının əsl idarəediciyə çevrilməkdə başlıca maneə olduğunu və ikinci idarəetmə pilləsində rəhbərlərin idarə olunmasına başladıqda bu cür idarəetmə tərzinin uğursuzluğun əsas səbəblərindən biri olduğunu unutmamalıdırlar.

“Rəhbər idarəetmə ilə məşğul olmalıdır” fikrini bəzən yanlış başa düşürlər ki, guya rəhbər belə davrandıqda bütün işləri əməkdaşlara ötürür, özü heç bir iş görmür. Əslində, idarəetmə ilə düzgün və onun bütün sahələri ilə məşğul olmaq bir xeyli resurs aparır. İlkin baxışdan ən sadə gələn tapşırıqların əməkdaşlara verilməsi vəzifəsi öz-özlüyündə kompleks bir işdir və hazırlıq, kommunikasiya, icra, müxtəlif mərhələlərdə nəzarət və digər işlərin görülməsini tələb edir. Rəhbərin isə bundan başqa nə qədər vəzifəsi var!

Təəssüf ki, çox vaxt rəhbərlər idarəetməyə əlavə bir yük kimi baxaraq ondan tez canlarını qurtarıb mütəxəssis qismində cari işləri ilə məşğul olmağa can atırlar.