blogpost-title

İdarəetmə

Kommunikasiya

Yeni əməkdaşa qısqanclıq

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İşə yeni qəbul olunan əməkdaşların başlarına hər cür qəribəliklər gəlir. Gah rəhbərlər onlara o qədər böyük ümidlər bağlayırlar ki, həmin ümidləri doğrultmaq qeyri-real olur. Belə də olur ki, rəhbərlər hesab edirlər ki, yeni əməkdaş o dərəcədə təcrübəli və bacarıqlıdır ki, ona heç ilkin mərhələdə də dəstək lazım deyil, onu idarə etməyə ehtiyac yoxdur. Onsuz da uğurlu olacaq. Belə hal da olur ki, yeni əməkdaşı köhnə komanda qəbul etmir və çox zaman buna həmin işçinin təqsirindən çox rəhbərin davranışı şərait yaradır.

Bəzən hər yeni əməkdaş 2-3 ay müddətinə rəhbərin ən sevimli işçisinə çevrilir. Rəhbər onunla hamıdan çox ünsiyyətdə olur. Həmin şəxsi digər əməkdaşlara nümunə gətirir. Şirkətdəki güzəşt sisteminin digərləri “illərlə” qazandıqları şərtləri həmin əməkdaşa ya dərhal, ya da çox qısa müddətdə tətbiq olunur. Misal üçün, təbii ki, müəyyən qısqanclıq yaranır. Adətən, formalaşan neqativ rəhbərə yönəlmir, onu hər kəs çoxdan tanıyır, müəyyən nöqsanları olsa da, uzun illərin iş yoldaşı və ən əsası müdiridir. Mənfi münasibətin ünvanı kənardan gəlmiş, hamı üçün özgə olan yeni əməkdaş olur. Hərçənd həmin şəxs hamı ilə nəzakətlə davranır, işinə vicdanla yanaşır, heç kimin başı üstündən iş görmür və özü üçün yeni komandanın bir üzvünə çevrilmək üçün əlindən gəldiyini edir. Rəhbər isə baş verənlərə diqqət yetirmədən öz komandasında nifaq yaranmasına şərait yaradır. 2-3 ay keçir və yeni əməkdaş adiləşir, rəhbər ondan uzaqlaşıb təzə gələni özünə yaxınlaşdırır, artıq yeni olmayan əməkdaş isə kollektivlə yaşadığı problemlərlə üzbəüz qalır.

Mənə bəzən irad tuturlar ki, rəhbərlərdən çox şey tələb edirəm. Amma komanda daxilində münasibətdən də cavabdeh 1 nömrəli şəxs rəhbərdir. Komanda üzvlərinin bir-birini sevməsi və doğma hesab etməsinə ehtiyac olmasa da, məhsuldar iş üçün normal sabit münasibətlər arzuolunandır.