Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Tanıdığım əksər biznes sahibləri və rəhbər şəxslər yaxşı işçi tapa bilmədiklərindən davamlı şikayət edirlər. Dialoqumuz təxminən belə olur:
– Yaxşı işçi dedikdə nə nəzərdə tutursunuz?
– Özü işləsin, onu daim izləmək və irəli qovmaq lazım olmasın. Həm də işi keyfiyyətli olsun. Arada yeni ideyalar versin.
– Belə olması üçün nə etmisiniz?
– Normal əməkhaqqı ödəyirəm, pulsuz nahar verirəm, mobil telefonla danışıq limiti və s.
– Nə etmisiniz dedikdə işçinin özünün keyfiyyətli işləməsini təmin edən sistemi nəzərdə tuturam, yəni hesabat və nəzarət sistemi, təlimat və prosedura, bonusların verilməsi qaydası və s. Bunlardan nə var?
– Yox, bunlardan bir şey yoxdur. Lazımdır ki?
İdarəetmə sahəsində araşdırma aparanlar müəyyən ediblər ki, 80% işçilər nə dərəcədə yaxşı idarə olunurlarsa, o dərəcədə yaxşı işləyirlər. 10% daim yaxşı işləyir, digər 10%-ə heç bir idarəetmə aləti təsir etmir və daim zəif işləyirlər. Odur ki təxminən 80% işçinin zəif işləməsinin səbəbkarı elə rəhbər, biznesin sahibləri – özləridir. Onlar əməkdaşı düzgün yola qoymaq üçün heç bir idarəetmə aləti tətbiq etmədən onun özünün keyfiyyətli işləməsini istəyirlər. Beləliklə, özünüz və ya ətrafınızda olan rəhbərlər daim işçiləri dəyişirsə və buna baxmayaraq, nəticə eynidirsə, daha doğrusu isə yoxdursa, böyük ehtimalla səbəb işçilər yox, idarəetmə alətlərinin zəif tətbiqidir.