Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
İş həyatınızda heç yarımçıq təyinatlarla qarşılaşmısınız? Biri mütəxəssisdir, amma ondan xətti-rəhbər funksiyasını icra etmək tələb olunur və ya bir şöbənin rəhbəridir, digərini də, hətta həmin şöbənin rəhbərini də idarə etməlidir. Amma həmin əlavə vəzifələr tam şəkildə rəsmiləşdirilmir. Hüquq terminləri ilə vəziyyəti təsvir etsək, de-yure şəxs daha məhdud, de-fakto isə daha geniş sahəyə görə cavabdeh olur.
Bu vəziyyətdən ən çox əziyyət çəkən həmin yarımçıq təyinatı alan şəxslər olur. Belə ki, ona rəsmən tabe olmayan şəxsləri idarə etmək lazımdır, tətbiq oluna biləcək idarəetmə alətlərinin sayı isə məhduddur, çünki sırf vəzifədən irəli gələn hakimiyyət mənbələri ümumən mövcud deyil və yalnız fərdi mənbələrə (xarizma, təcrübə, keçmişdəki məhsuldarlıq və s.) istinad etmək olur. Tabe olanların da vəziyyəti birmənalı deyil. Nəyə görə bir mütəxəssis digərinə tabe olmalıdır? Dünən həmkarları olmuş şəxslərin üzərinə rəsmən rəhbər təyin olunanlar da müqavimətlə qarşılaşır və heç də hər kəs bu vəziyyətdən uğurla çıxmır. Bunun üstünə təyinatın lazımi şəkildə rəsmiləşdirilmədiyi, tabe olanlara kommunikasiya olunmadığı gələndə isə uğurlu idarəetmə hədəfinin nə dərəcədə qəlizləşdiyini təsəvvür etmək asandır.
Bəs nəyə görə belə yarımçıq təyinatlar həyata keçirilir? Həmin qərarları verən şəxslər sığortalanmağa cəhd edirlər. Məntiqləri belədir ki, “de-fakto” təyinatı almış şəxs bacarmasa, onu özü üçün ağrısız köhnə vəzifəsinə qaytarmaq olar və bunun nəticəsində onun şəxsi ambisiyalarına heç bir zərbə dəyməyəcək. Olduqca yanlış fikirdir. Qərar verən şəxs daha çox özünü səhv qərarlardan qoruyur və təyinatı rəsmiləşdirmədən sınaq dövrü ərzində seçiminin düz və ya yanlış olduğunu dəyərləndirir.
Fikrimcə, yarımçıq təyinat onu alan üçün əlavə çətinliklərdən başqa heç bir məqsədə xidmət etmir. Əksinə, təyinatı alanın yeni vəzifədə uğurlu olma ehtimalını azaldır. Kiməsə etimad göstərmək təqdirəlayiqdir, amma bu etimadın ardınca onun uğur və uğursuzluğunda pay sahibi olmaq, ilkin dövrdə zəruri dəstək göstərmək əsl liderin vəzifəsidir.