Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Ümumqəbul olunmuş fikirdir ki, şirkətdaxili bürokratiya əməkdaşların yaradıcı yanaşmasını məhv edir. Məsələn, motivasiyalı əməkdaş şirkətin inkişafına töhfə verəcək təklifləri davamlı verir. Şirkətdə bürokratiyanın çox olduğu üçün aid olduğu sahədən asılı olaraq hər təklif xüsusi blank vasitəsilə rəsmiləşdirilməli, sonra bir neçə şəxs tərəfindən təsdiqlənməli və yekunda məsul struktur bölməyə təhvil verilməlidir. İdeya müəllifi bəzən blankları səhv salır və təsdiqlənmiş sənədi təhvil verərkən cavabdeh struktur bölmə onu qəbul etmir, düzgün tərtib olunmasını və təsdiqləndikdən sonra təkrar verilməsini istəyir. Təbii ki, bir necə dəfə belə hallarla üzləşən əməkdaş ruhdan düşüb gələcəkdə təklifləri verməyə bilər. Şirkətin inkişafına ən ciddi töhfə verə biləcək şəxslərin məhz onun əməkdaşları olduğuna görə bu imkanı əldən buraxmaq olmaz. Ağıla ilk gələn həll təkliflər mövzusunda bütün bürokratiyanı aradan qaldırmaqla maksimal münbit şərait yaratmaqdır.
Amma belə yanaşmanın da mənfi xüsusiyyətləri var. Təkliflər heç bir süzgəcdən keçmədiyi üçün onların keyfiyyəti aşağı düşəcək, onlar natamam və praktikada az tətbiq oluna biləcək olacaq. Bürokratiyanın təsirləri tək mənfi olmur. Adətən, o, çox dəqiq proseduralarla müşahidə olunur. Müəllifi onun verdiyi təklifə hansı zaman ərzində baxılacağını, nə formada cavab veriləcəyini dəqiq bilir. Təsəvvür edək ki, məsələ heç tənzimlənmir, sərbəst formada təklif verilib və kimin onu yoxlamaq vəzifəsini daşıdığı, kimin və hansı müddətdə nəticə barədə müəllifi məlumatlandırmalı olduğu məlum deyil. Bəzən bu işlər qısa müddət ərzində görülür, bəzən isə çox vaxt aparır. Hətta bəzi təkliflər it-bat olur və tamamən cavabsız qalır. Aydındır ki, bir necə dəfə cavabsız təklif verən şəxs onun fikirlərinə dəyər verilmədiyini düşünüb növbəti dəfə yeni ideyalarla çıxış etməyəcək.
Ağlabatan bürokratiya xaosu aradan qaldırır və onun faydası ziyandan çoxdur. Hətta o, yaradıcılığı stimullaşdırır. Əsas odur ki, bürokratiya aşırı dərəcədə olmasın.