blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Şəxsi inkişaf

Vəzifə yüksəldikcə idarəetmə tərzi dəyişməlidir

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bəzi detalları nəzərə almasaq, üç idarəetmə pilləsini ayırmaq olar: xətti rəhbər, orta və üst səviyyə rəhbər və müəssisə rəhbəri. Xətti rəhbərin tabeliyində birbaşa ona hesabat verən sıravi işçilər olur. Orta və üst səviyyə rəhbərə tabe olanların çoxu özləri rəhbər olurlar. Orta və üst səviyyə rəhbərlərin bir-birindən fərqi odur ki, ikincilər birbaşa müəssisənin rəhbərinə hesabat verirlər. Kiçik şirkətlərdə xətti rəhbərlər birbaşa müəssisə rəhbərlərinə tabe olsalar da, bu hal onları top-menecerlərə çevirmir, çünki idarəetmə tərzi kimə tabe olduğundan yox, daha çox kimə rəhbərlik etdiyindən asılıdır.

Xətti rəhbər əksər hallarda idarə etdiyi sahənin mütəxəssisi olur. Onun ilk dəfə rəhbər təyin edilməsi hansı çətinliklərlə müşahidə olunduğu başqa yazıda açıqlanıb və burada təkrarlanmayacaq. Adətən, xətti rəhbərin işçilərlə münasibətləri sıx olur və idarəetmədə qeyri-formal elementlər daha çox yer alır. Misal üçün, şifahi tapşırıq verilməsi və hesabat alınması tipik haldır. Adətən, xətti rəhbər əməkdaşların işinə birbaşa nəzarət edir və nə isə yanlış getdikdə dərhal müdaxilə edə bilir. Onun imkanı var ki, nəticənin maksimal dərəcədə özü istədiyi kimi olmasına nail olsun.

Xətti rəhbər orta və ya üst səviyyə rəhbərə çevrildikdə əməkdaşlarla məsafə artır. Artıq tabe olanlar özləri rəhbərdirlər, özlərinin komandaları var və onların iş nəticələrinə peşəkar baxışı mövcuddur. Normal şəraitdə tabe olan rəhbərlər daha müstəqil olmalı, öz sahələrində qərar vermə səlahiyyətinə malik olmalıdırlar. Orta və üst səviyyə idarəetməyə keçən rəhbər effektiv olması üçün məsələlərə daha qlobal yanaşmalı və əksər xırdalıqları tabe olanların sərəncamına buraxmalıdır. O, tabe olanların ağlabatan qərarlarına hörmətlə yanaşmalı və onları mümkün qədər dəyişməməlidir. Əks təqdirdə, orta və üst səviyyə idarəetməyə keçən rəhbər elə əvvəlki xətti rəhbər səviyyəsində qalır və öz resursunu qeyri-effektiv sərf edir. İş nəticələrinin arzulanana mümkün qədər yaxın olmasına nail olmaq üçün əvvəlindən iş standartları tətbiq edilməli və reqlamentləşdirmə idarəetmə alətindən aktiv istifadə edilmədir. Reallıq odur ki, mütəxəssisdən əsl xətti rəhbərə çevrilən çox deyil, lakin sonra əsl orta və ya üst səviyyə rəhbərə çevrilən ondan da azdır.