Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Təlimlərimizin iştirakçılarının biri çox maraqlı sual vermişdi: “Bir struktur bölmənin əməkdaşı digər struktur bölməyə aidiyyəti üzrə bütün qaydalara uyğun sorğu veribsə, həmin sorğusunun icrasını davamlı təqib etməlidirmi və iş getmirsə, məsuliyyəti sorğunu icra etməyən daşıyır, yoxsa sorğunu verib onu davamlı təqib etməyən, ya da hər ikisi?”
Sorğunu verib kənara çəkilmək taktikası el arasında “məndən çıxdı” adlanır və çox geniş yayılıb. İşgüzar dairələrimizdə dəstəklənməyən yanaşmadır. Çünki ondan istifadə edənlər, əsasən, işə can yandırmayanlar olur. Hesab edirlər ki, öz vəzifələrini yerinə yetiriblər, növbəti mərhələdə işin getməməsi onların məsuliyyət sahəsindən kənardır. Formalaşan ənənəyə görə işə ciddi yanaşan şəxs sorğusunu davamlı təqib edir və işləməyən həmkarlarını da işlədir. Nəticədə, ölkəmizin işgüzar mühitində çox ciddi təqib mədəniyyəti yaranıb. Bu da ona gətirib çıxardıb ki, təqib olunan sorğulara daha yüksək öncəlik verilir və onlar həm icra olunur, həm də daha tez. İşinə az məsuliyyətlə yanaşan əməkdaşlar təqib olmayan sorğuları nəinki gecikdirə, tam icra etməyə də bilirlər.
Sanki məsuliyyətə cəlb etmə, cəzalandırma alətləri problemi həll etməlidirlər, lakin bu sahədə də yanlış praktika ənənə halına gəlib. Müşahidələrimə əsasən, iş daha çox işgüzar şəxslərdən tələb olunur. İdarəedici şəxslər həmin işgüzar şəxslər sorğunu verən və ya icra edən statusunda olmalarından asılı olmadan tələblərini, əsasən, onlara qarşı irəli sürürlər. Axı belə adamdan tələb etmək daha asandır, nəinki əsl məsul şəxsdən. Çünki belə vəziyyəti görən məsuliyyətli şəxs növbəti dəfə öz işini də, təqib olunanın əvəzinə də işi görəcək, lazım gəlsə, başqa şəxsin də. İdarəediciyə əsas lazım olan da işin görülməsidir.
Bəlkə də, çoxlarına təəccüblü gələcək. Amma davamlı təqib çox zərərli və yanlış praktikadır. İş yaxşı təşkil olunubsa, mükafatlandırma və cəzalandırma mexanizmləri düzgün tətbiq olunursa, top kimdədirsə, o da məsuliyyət daşımalıdır. Təbii ki, icra müddəti ötməyibsə, çünki onda problemin eskalasiya olunmamasına görə məsuliyyəti sorğu verən daşımağa başlayır.