Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Rəhbərin verdiyi tapşırıqlara müntəzəm nəzarət etməməsi onların icra olunmamasının başlıca səbəblərindən biridir. Xeyr, söhbət ondan getmir ki, rəhbər tapşırığı tamamən unudur. Hərçənd belə də olur. Əsasən, rəhbərlər verdikləri tapşırıqların icrasına nəzarəti xaotik həyata keçirirlər. Bir tapşırıq dünən verilib və onun icrasına bir həftə ayrılıb, lakin rəhbər işlərin nə yerdə olduğu ilə artıq iki-üç dəfə maraqlanıb. Başqa tapşırıq bir ay əvvəl verilib, onun icra müddəti də tamamlanıb, amma indiyədək onun nəticəsini heç kim soruşmur. Bir neçə dəfə belə vəziyyəti müşahidə edən əməkdaş da tapşırıqların icrasına seçmə üsulu ilə yanaşmağa başlayır. Əsas səylər rəhbərin diqqət mərkəzində olan tapşırıqlara yönəldilir, digərləri isə yarımçıq qalır və ya heç icra olunmur. Rəhbər nəhayət xatırlayıb əvvəlindən öncəlik təşkil etməyən tapşırığın nəticəsi ilə maraqlananda davamlı icra xətaları ilə qarşılaşır. Belə hallarda, adətən, rəhbər əməkdaşların məsuliyyətsiz olduğu və hər şeyə rəhbərin özünün nəzarət etməli olduğu barədə qənaətə gəlir. Bəziləri tapşırıqların icrasında davamlı nöqsanlarla barışırlar, digərləri isə nəzarəti gücləndirirlər və bir çox hallarda bunu lazım olandan artıq dərəcədə edirlər və mikromenecmentə keçirlər.
Hər zaman olduğu kimi, sağlam yol haradasa ortalardadır. Nəzarət sistemli, yəni müntəzəm olmalıdır, amma totala da dönməməlidir. Əməkdaşlar bilməlidirlər ki, rəhbər heç zaman heç nəyi unutmur və vaxtı gələndə hər tapşırığının nəticəsini soruşacaq. Təbii ki, bu mesaj o halda effektiv olur ki, pozuntuya yol verən əməkdaş cəzalansın, işini gözlənəndən yaxşı görən isə mükafatlansın. “Tapşırığı yenə gecikdirmisən, gələcəkdə belə etmə” yanaşması davamlı tətbiq olunarsa, müntəzəm nəzarət də bir nəticə verməz.
Bir də tapşırıqlara nəzarəti asanlaşdıran “Trello”, “Proofhub”, “Monday.com” və sairə kimi çoxlu ucuz və ya tamamən ödənişsiz elektron alətlər də var. Rəhbərin dəyərli operativ yaddaş resursunu çoxsaylı tapşırıqların, onlara ara və yekun nəzarət tarixlərinə sərf etmək əvəzinə həmin alətlərdən yararlanması daha məqsədəuyğundur.