blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Şirkətin missiyası tək sayt üçün deyil

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Son bir həftə ərzində iki fərqli məkanda şirkət missiyasının tək iri şirkətlərə aid olması mövzusunda fərqli sektorlarda çalışan iki iş adamından fikirlər eşitmişəm. Əsas arqument odur ki, biznes pul qazanmaq üçün yaradılır və səmimi olsaq, şirkətin əsl missiyası elə budur. Bu yanaşma ilə razı deyiləm.

Çox qısa açıqlasaq, adətən, şirkətin mövcudluğu ilə qoyulması arzuolunan iz, cəmiyyətə gətirilməsi hədəflənən fayda onun missiyası kimi müəyyən edilir. Normalda, missiya şirkətin əməkdaşları və müştərilərinə ünvanlanır. Təcrübədə digər hal ondan ibarətdir ki, hər kəsdə var, bizdə də olmalıdır məntiqi ilə missiya hazırlanır və şirkətin saytında yerləşdirilərək hər kəs onu unudur.

Missiyanın pul qazanmaqdan ibarət olmasına gəldikdə maddiyyatın həyatımızda əhəmiyyətli yer tutmasına baxmayaraq o, ən güclü motivasiyaedici amil deyil. Dünyada ən populyar idman növü olan futbolda millimizin yüksək əməkhaqqı və bonuslara baxmayaraq az uğurlu olması bunun əyani sübutudur. Sahibkarın özü üçün belə müəyyən dövr və məbləğdən sonra pul qazanmaq ən öndə duran məsələ olmur. Sahibkarın rifahı isə işçilərin motivasiyasına heç təsir etmir. Şirkətin cəmiyyətə verəcəyi faydası ilə bağlı səmimi, əsl missiyası düzgün seçilən əməkdaşları, həqiqətən, həvəsləndirir və birləşdirir. İdeya ətrafında birləşmək, ona aid olmağı hiss etmək çox güclü motivatordur. Həm də məlumdur ki, insan əməyinin böyük məqsədini görəndə daha məhsuldar çalışır, hətta fədakar olur.

Missiyanın müştərilərə təsirinə toxunsaq, müştərilərin şirkətin missiyası ilə tanış olması üçün onun təbliğinə çoxlu sərmayə qoyulmalıdır. Bunu isə həqiqətən, yalnız nəhəng şirkətlər edə bilər və bugünkü Azərbaycan şəraitində bunun az effektiv olduğu ilə razıyam.

İdeya ondan ibarətdir ki, şirkətin missiyası böyük resurslara malik olan iri şirkətlərdən çox, kiçik bizneslər üçün, bəlkə də, daha əhəmiyyətlidir. Misal üçün, “Falcon Consulting Group”un missiyası idarəetmə təcrübəsini inkişaf etdirməklə tərəqqiyə töhfə verməkdir. İnanıram ki, əməkdaşlarımız işə tək əməkhaqqı naminə yox, həm də bu missiyanın icrasında pay sahibi olmaq üçün gəlirlər.