Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Bəzən biznes sahibləri və idarəçilərinin başları o dərəcədə şirkətin daxilinə qarışır ki, onlar tamamən müəssisənin ətrafını unudurlar. Ətraf dedikdə həm nisbətən lokal məsələlər, yəni rəqiblər, yerli bazar və sairə, həm də qlobal məsələlər, yəni makroiqtisadiyyat, şirkətin fəaliyyət göstərdiyi sektorda dünya miqyasında baş verən dəyişikliklər və sairə nəzərdə tutulur.
Ən çox xarici mühitlə ünsiyyətdə satıcılar olur, amma nədənsə çox zaman onlardan gələn siqnallara şirkətlər diqqətsiz yanaşırlar. Satış əməkdaşlarına şübhə ilə yanaşma praktikası ilə çox qarşılaşmaq olur. Bəzən əsaslı, bəzən də əsassız hesab edilir ki, satıcılar yalnız onlara əlverişli olan məlumatı şirkətin daxilində bölüşürlər. Misal üçün, rəqiblər qiymətləri aşağı salanda bu barədə dərhal məlumat verirlər ki, şirkət də qiymətlərini endirsin ki, satış etmək mümkün olsun, qiymətlər qalxanda isə məlumat ya gec, ya da heç gəlmir, axı bu, satışa mane olmur. Satıcıların mələk olmadığı şübhə doğurmur, lakin şirkətin sahədə olan əsgərləri məhz onlardır. Onların yeganə məlumat mənbəyinə çevrilməsini əngəlləyən əlavə məlumat mənbələrinin mövcud olması onları da gətirdikləri məlumatın dəqiqliyinə daha məsuliyyətlə yanaşmasına təkan verir. Bəzi sahibkar və idarəedicilər bazar barədə düzgün məlumatlar almadan paralel reallıqda yaşayırlar. Onlar əmindirlər ki, məhsulları idealdır və zəif satılmasının yeganə səbəbi yaramaz satıcılardır. Bəzən belə də olur, amma əksər vaxt məhsul da mükəmməlikdən uzaq olur, rəqiblər də hərəkətsiz deyillər. Odur ki satış və ya qeyri-satış əməkdaşları vasitəsilə yerli bazarı mütəmadi monitorinq etmək, şirkətə kənardan obyektiv baxmaq mütləqdir.
Amma biznes-liderlərin işi bununla bitmir. Dünya o qədər sürətlə dəyişir və yeniliklər o dərəcədə qısa vaxtda Azərbaycana gəlir ki, biznesi birbaşa idarə edən şəxslər sektordakı və yan sektordakı yenilikləri, dünyada sahənin liderlərinin addımlarını davamlı izləməli, təsirini ön görməli və müsbət praktikaları davamlı tətbiq etməlidirlər.
Lideri ətrafa diqqətsiz yanaşan biznes qısa zaman kəsiyində öz mövqeyini itirə bilər.