blogpost-title

İdarəetmə

Şirkətdə absolyut hakimiyyətin təhlükəsi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bir çox kiçik və hətta bəzən iri şirkətlərdə şirkət sahibinin və ya muzdlu rəhbərin absolyut hakimiyyəti var. Bir tərəfdən bu, yaxşıdır. Hər kəs bilir ki, yekun qərarı kim verir, ona görə məsuliyyəti kim daşıyır. Düzdür, bəzən qərarları bir adam versə də, onlar yanlış olduqda təqsirkar hər zaman “yaramaz” əməkdaşlar təyin olunur. Amma bu, manipulyasiya menecmentinin bir hissəsidir və bir qədər ayrı mövzudur.

Şirkətdəki absolyut hakimiyyətin iki əsas mənfi tərəfi var. Birincisi, ən əvvəldən və ya tədricən bütün məsələlər üzrə, yəni onların əhəmiyyətindən, sahəsindən, dəyərindən asılı olmadan qərarları bir şəxs verməyə başlayır. Bu isə şirkətin çevikliyini azaldır. Həm də rəhbər və qeyri-rəhbər əməkdaşları təşəbbüssüz icraçılara çevirir. İkincisi, şirkətin rəhbəri, xüsusən o, eyni zamanda şirkətin yeganə sahibidirsə, tək qərar verə-verə öz müstəsna qüsursuzluğuna və hər zaman haqlı olduğuna inanmağa başlayır. O, vaxt keçdikcə daha çox özünə güvənməyə başlayır və ən əhəmiyyətli məsələlərdə belə ətrafı ilə məşvərət etmir, onları eşitmir. Çox yanlış qərar veriləndə öz vəzifəsini vicdanla icra etməyə çalışan əməkdaşların qərarı dəyişdirmək cəhdləri üst rəhbəri acıqlandırdığına görə növbəti dəfə heç kim alternativ fikir səsləndirmir. Təbii ki, müəyyən mərhələdə yanlış qərarların silsiləsi şirkətin tam çökməsinə səbəb olur. Halbuki komanda üzvləri dinlənilsə idi və bəzi qərarlar fərqli olsa idi, şirkət inkişaf etməyə davam edəcəkdi.

Əziz rəhbər və xüsusən sahibkar-rəhbərlər, son qərarı verə bilərsiniz, amma tənqidi dəyərləndirmək bacarığını itirməmək və ətrafınızdakı mütəxəssisləri eşitmək verdiyiniz qərarların keyfiyyətini artıra bilər. Hər zaman ən optimal qərarları təkbaşına vermək bacarığı yalnız fitri istedada malik, az qala dahilərə xasdır. Dahi olduğunuzdan əminsiniz?!