blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Rəy, yoxsa fakt

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Gəlin xatırlayaq necə tez-tez olur ki, qərarlar faktlar əsasında yox, rəylər əsasında verilir. Kollektiv müzakirə gedir, hərə bir fikir söyləyir, yekunda qərar formalaşır. Bir çox hallarda qərar verən şəxs səslənənlərin rəy, yoxsa fakt olduğuna diqqət yetirmir və hamısını fakt qismində qəbul edir. Burada iki diqqət yetiriləsi məsələ var. Birincisi, birlikdə işləyən insanlarda müəyyən müddətdən sonra bir-birləri barədə fikirlər formalaşır və istər-istəməz kimdənsə gələn mesajlar onun barədə formalaşan rəy prizmasından qəbul olunur. Misal üçün, şəxs olduqca müdrik, uzaqgörən nüfuzunu qazanıbsa, böyük ehtimalla onun yanlış fikirləri də nüfuz faktoru nəzərə alınmaqla müsbət qəbul olunacaq. Həmin şəxs davamlı yanlışlıqlara yol verməlidir ki, onun haqqında rəy dəyişsin.

İkincisi, bildirilənin kimin tərəfindən səsləndirilməsindən asılı olmadan ümumən rəy və ya fakt olması əhəmiyyətlidir. Əslində, bunları bir-birindən ayırmaq kifayət qədər asandır. Faktın əsasında hər zaman mənbələr, əksər vaxt rəqəmsal göstəricilər durur. Rəy isə subyektiv, sadəcə kiminsə belə düşündüyünün və ya belə hiss etdiyinin göstəricisidir. Bu fikir düzgün də, yanlış da ola bilər. Şübhəsiz ki, çoxlu yanlış düşüncələr əsasında verilən qərar da əksər vaxt yanlış olur.

Beləliklə, qərarların rəylər əsasında yox, faktlar əsasında verilməsinə diqqət yetirmək çox vacibdir. Alınan məlumatın isə hansı kateqoriyaya aid olduğunu başa düşmək üçün sadə dəqiqləşdirici sualların verilməsi kifayət edir. Reklam aksiyasının uğurlu olduğunu iddia edəndən onun nə qədər əlavə müştəri gətirdiyini soruşmaq lazımdır. Yeni əməkdaşın sınaq müddətindən çıxdığını bildirəndən bunu təsdiqləyən icra göstəricilərini istəmək olar. Xammal ehtiyatının kifayət olduğunu hesab edəndən qalıqlar haqqında hesabatdakı rəqəmlərə istinad etməyini xahiş etmək məqsədəuyğundur. Və sairə.