blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Rəhbərlərin mühafizəkarlığı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İnsanlar nadirən gənc yaşlarından mühafizəkar olur, əksəriyyət zaman keçdikcə mühafizəkarlaşmağa başlayırlar. Bir qrup da var ki, yaşından asılı olmadan yenilikçi qalırlar. Düzdür, sonuncular azlıq təşkil edirlər. Rəhbərlərin transformasiyası oxşar qaydada gedir. Amma bəzən yaşına görə kifayət qədər cavan rəhbərlər də yeniliklərə çox ehtiyatla yanaşır, riskdən uzaq durmağa çalışırlar. Pis-yaxşı işlək olan mexanizmin fəaliyyətinə müdaxilə etməməyi üstün tuturlar.

Şirkətdə təşəbbüskarlığın kökünü kəsməyin ən asan yolu – təkliflərin davamlı rədd edilməsidir. Bir-iki təklifi qəbul edilməyən əməkdaş nadirən üçüncü təklifi irəli sürür. Vəziyyətlə barışmayanlar isə eyni yerdə qalıb “külək dəyirmanları” ilə mübarizə aparmaq əvəzinə yeniliklərə daha açıq iş yeri axtarmağa üstünlük verirlər.

İstənilən yenilik dəyişiklik deməkdir, yəni komfort zonasından çıxmaq, əlavə səy, enerji tələb edir. Sirr deyil ki, yaşlandıqca insanların enerjisi azalır, ona görə də komfort zonasında qalmaq arzusu güclənir. Bunun üstünə yaddaşda daha yaxşı qalan mənfi təcrübə də əlavə olunur: keçmiş uğursuz yeniliklər və onlara daha yuxarı rəhbərliyin sərt reaksiyası və ya əksinə, çox əziyyət sərf edilmiş və layiqli dəyərləndirilməyən müvəffəqiyyətlər. Amma bir çox rəhbərlərin mühafizəkarlığına tək bu faktorlar təsir etmir. Rəhbər vəzifəsi müəyyən status, daha yüksək əməkhaqqı, güzəştlər və sairələrdir. İstənilən yeniliksə, kiçik də olsa, risklə müşahidə olunur. Həmin risk özünü doğrultmasa, rəhbərlərin itirəcəyi adi əməkdaşlardan hər zaman daha artıqdır. Bir çox rəhbərlərin mühafizəkar olmasının başlıca səbəbi də elə budur. Mühafizəkarlığı dəstəkləmirəm, ağlabatan yeniliyin tərəfdarıyam, amma hər kəs yolunu özü seçir.