Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Gərgin işləməyi sevən rəhbərlər işçiləri üçün örnək olduqlarını düşünüb, tək buna görə onlardan da işə eyni münasibəti gözləyirlər. Bu cür yanaşma daha çox rəhbərlik təcrübəsi az olan şəxslərə xasdır. İdarəetmə praktikası zəngin olanlar üçün tək örnəyin kifayət etmədiyi aydın olur. Belə ki, işçilər rəhbərin gərgin işləməyinə ya hörmət bəsləyir, ya ağılsızlıq kimi baxır, ya da heç diqqət yetirmir. Maraqlısı budur ki, hörmət bəslənən halda belə, işçilər eyni iş tempini götürməyə tələsmir. Əksinə, əməkdaşlar işlərinin bir qismini bu cür rəhbərə ötürməyə cəhd edir və adətən bu əməliyyat uğurlu olur. İşçilər rəhbərdən tez-tez dəstək istəyir, bəzi işləri natamam icra edir, çünki bilirlər ki, rəhbərləri məsuliyyətli və işləyən olduğu üçün bütün boşluqları aradan qaldıracaq. Nəticədə rəhbər gərgin işləməyə davam edir, işçilərin iş yükü isə əvvəlkindən də az olur.
Danılmaz fakt odur ki, rəhbərin mənfi iş vərdişləri əməkdaşlar tərəfindən tez təkrarlanır. Bu tək işdə belə deyil. Mənfini təkrarlamaq daha az əziyyət, xərc tələb edir. Az müqavimətli yolu seçmək isə insanların genetik koduna daxildir. Müsbət nümunənin yayılması üçün rəhbər tərəfindən mütləq əlavə təsirlər göstərilməlidir. Düzgün iş planlaması və bölgüsü, reqlamentlər, tapşırıq və nəzarət, kökə və qamçı mexanizmləri olmalıdır. Təbii ki, gərgin işləmək ədalətli rəhbərə tələbkarlıq üçün əlavə mənəvi hüquqlar verir və bu işdə daha ürəkli edir. Amma o da var ki, işçilərdən işi tələb etmək həmin mənəvi hüquqlar olmadan da rəhbərin vəzifəsidir. Beləliklə, gərgin işləyən rəhbərin komandası da tək buna görə gərgin işləyəcək fərziyyəsi praktikada adətən təsdiqini tapmır.