blogpost-title

İdarəetmə

Rəhbərim məndən zəifdir

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bəzən əməkdaşlar rəhbərlərinin onlardan zəif olduğundan şikayət edirlər. Gəlin bu məsələnin bir az dərininə gedək. Birincisi, əməkdaşın rəhbəri və ən əsası da özünü nə dərəcədə obyektiv qiymətləndirdiyinə diqqət yetirmək lazımdır. Bildiyimiz kimi rəhbər və işçi arasında münasibətlər təbiətinə görə münaqişə nəzərdə tutur. Bu səbəbdən rəhbər barədə fikir qeyri-obyektiv ola bilər. Ondan da çətin mövzu əməkdaşın özünə obyektiv qiymət verməsidir. Həm də bunun üstünə idarəetmənin sadə olduğu barədə yanlış düşüncələr əlavə olunur. Amma tutaq ki, əməkdaşın verdiyi qiymətlər obyektivliyə yaxındır.

Onda keçək ikinci mövzuya. “Rəhbər zəifdir” dedikdə hansı keyfiyyətlərdən söhbət gedir? İdarəetmədə zəifdirsə, bu, bir məsələdir. Mütəxəssis bilik və bacarıqları daha aşağıdırsa, bu, ayrı məsələdir. Şəxsi keyfiyyətlər nəzərdə tutulursa, bu, üçüncü mövzudur.

Rəhbər idarəetmədə zəifdirsə və bu sahədə inkişaf etmirsə, əməkdaşın narazılığını başa düşmək olar. Belə rəhbərdən qaçmaq gərəkdir. Çünki gec-tez bu zəiflik əməkdaşa zərər vuracaq.

Rəhbərin darixtisaslı sahədə mütəxəssis kimi zəif olması xüsusən orta və üst səviyyə rəhbərlər üçün normaldır. Onlar tabeliklərində olan çoxlu sahələrin mütəxəssisləri ola bilməzlər və onlardan bu tələb olunmur da, əməkdaşların ekspert biliklərindən istifadə etmələri məqbuldur. Hətta idarəetmədə belə bir deyim var ki, rəhbər sahədə nə qədər az ekspert olsa, o qədər çox mütəxəssis kimi fəaliyyətə yox, idarəetməyə vaxt ayırar. Xətti rəhbərin sahənin eksperti olmaması problem ola bilər. Çünki onun tutduğu vəzifə daha çox ekspert bilikləri tələb edir. Hətta əməkdaşlar tərəfindən rəhbər kimi qəbul olunmaq üçün bu, əhəmiyyətli şərtlərdən biridir. Bu şəxs müstəsna idarəçilik keyfiyyətləri ilə fərqlənmirsə, onun irəli çəkilməsinin əsasları obyektiv olması şübhə doğurur və qurumda qeyri-sağlam mühitin göstəricisidir. Bundan isə uzaq durmaq məsləhətdir.

Şəxsi keyfiyyətlər məsələsi isə çox incədir. Kamil insan yoxdur. Ona görə rəhbər ağlabatan standartlara sığırsa, əməkdaşlar tərəfindən onun qəbul olunması məsləhətdir.

Odur ki gəlin rəhbərlərimizi və özümüzü bir daha dəyərləndirək!