blogpost-title

İdarəetmə

Kommunikasiya

Rəhbəri yalnız nəticə maraqlandırır

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Son zamanlar çox təbliğ olunan və bu səbəbdən məşhurlaşan idarəetmə yanaşması odur ki, rəhbər tapşırıq verəndən sonra tək nəticə ilə maraqlanmalıdır. Həmin nəticəni əldə etmək üçün əməkdaşın istifadə etdiyi metod, resurs, qarşılaşdığı maneələrə və sairə məsələlərə rəhbərin diqqət ayırmasına ehtiyac yoxdur. İşçiyə sərbəstlik verilməlidir. Rəhbər prosesin gedişatı ilə maraqlanırsa, bu, artıq mikromenecmentdir, yəni yanlış idarəetmə davranışıdır.

Təsvir olunan yanaşmanı az dəstəkləyirəm. İzah edim niyə. Birincisi, bu şəkildə yanaşma ilə rəhbər əməkdaşa sanki nəyin bahasına olursa-olsun nəticəni əldə etməyə razılıq verir. Menecmentin ali qanunlarından biri isə deyir ki, nəticə effektiv olmalıdır, yəni sərf olunan resurslar və yekun nəticə arasında optimal mütənasiblik əldə olunmalıdır. Etiraz gələ bilər ki, effektivlik standart şərtdir. Amma etiraf edək ki, əvvəlcədən onu nadirən yada salırlar.

İkincisi, məlumdur ki, tapşırıqların icrasına ilkin, ara və yekun nəzarət mövcuddur. İlkin və xüsusən ara nəzarətin tətbiqi bir çox məqamlardan asılıdır: tapşırığın çətinliyi, yeniliyi və əhəmiyyəti; tapşırığı alanın biliyi, təcrübəsi, şəxsi keyfiyyətləri və işə münasibəti. Aydındır ki, heç nəzarət etməmək yalnız çox sadə, dəfələrlə təkrarlanan, əhəmiyyəti yüksək olmayan tapşırıqlara və ya bilik və təcrübəsi zəngin, işə münasibəti sağlam olan əməkdaşlara verilən tapşırıqlara olar.

Üçüncüsü, rəhbərin əsas vəzifələrindən biri icranın təşkilidir: işlərin ardıcıllığını təyin etmək, tələb olunan resursları müəyyənləşdirmək, mümkün maneələri əvvəlcədən görüb hazırlıq görmək. Çox sadə və dəfələrlə təkrarlanan məsələlərlə bağlı bütün sadalananlara vaxt ayırmamaq olar, amma digər hallarda bunlarsız effektiv nəticə əldə etmək mümkünsüzdür. Təəssüf ki, üstünlük, əsasən, mümkün qədər tez işə başlamağa və çətinliklərlə qarşılaşdıqda onların dəf edilməsi barədə düşünməyə verilir. Bu isə itkilərə, gecikmələrə və digər mənfi fəsadlara səbəb olur.

Bu mövzuda nə düşünürsünüz?