Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Bu yaxınlarda keçirilmiş biznes forumda tanınmış sahibkarlardan biri çıxışında qeyd etdi ki, işçilərlə yanaşı çalışmağı xoşlayır və bəzən özü şirkətə daxil olan zəngləri cavablandırır, digər zamanda mağazada satıcı-məsləhətçi kimi fəaliyyət göstərir, başqa vaxt kassa arxasında çalışır, lazım olduqda anbarın əməkdaşlarına kömək edir və sairə. Hiss olunurdu ki, adam məşğul olduğu işi dəlicəsinə sevir və ən xırda detalınadək bilir, qurduğu işin əsl sahibidir. Natiqin təbii səmimiliyi isə auditoriyanı, mən daxil ona valeh etdi. Nəticədə, forumun əksər iştirakçılarında təəssürat yarandı ki, həmin sahibkar daim işçilərlə yanaşı çalışır. Əməkdaşlarla birlikdə onların işlərini görməkdə ayıb bir şey yoxdur. Lakin natiq-sahibkarın daim əməliyyat işi ilə məşğul olması barədə qənaətin yanlış olduğunu düşünürəm. Onun biznesi göz qabağındadır, kifayət qədər mürəkkəb və geniş filial şəbəkəsindən ibarətdir. Bütün gün əməkdaşlarla işləyə-işləyə şirkəti illər boyu uğurla idarə etmək mümkünsüzdür. Mən əminəm ki, həmin şəxs sadalanan işlərlə daimi yox, sırf tələbat yarandıqda məşğul olur.
Əgər sahibkar və ya rəhbər davamlı olaraq əməkdaşlarla yanaşı əməliyyat fəaliyyətini icra edərsə, onun strateji məsələlərlə məşğul olmağa fiziki imkanı qalmaz. Və ya bu, istirahət vaxtı hesabına baş verər, yəni ailə, yaxınlar bundan əziyyət çəkər. Həm də səhhət də hədsiz deyil. Müəyyən yaşdan sonra sutkada 16-20 saat işləmək mümkünsüz olur və ya düzəldilə bilməyən mənfi nəticələrə gətirir. Rəhbər statusundan istifadə edib gərgin işdən yayınmalı deyil. Lakin onun məşğul olduğu iş əməkdaşların gördüyü işlə eyni də olmalı deyil. Rəhbər nəticəni əməkdaşlar vasitəsilə əldə edən şəxsdir, uzunmüddətli perspektivdən məsul adamdır. O, əlini işlərin nəbzində tutmaq məqsədilə bəzən əməkdaşların işini görə bilər, lakin nadir istisnalarla bu əməliyyat fəaliyyətini icra etmək naminə yox, məhz idarəetməni təkmilləşdirmək üçün edilməlidir.