Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Bir çox rəhbərlərin əsas problemlərindən biri odur ki, onlar öhdəliklərini əməkdaşlara ötürmürlər və işlərin çoxunu özləri görməyə çalışırlar. Nəticədə, həmin rəhbərlər çox yüklənirlər və işlər axsamağa başlayır. Belə rəhbərlər çox vaxt davranışlarının yanlış olduğunu anlayırlar, amma başqa çıxış yolu görmürlər. Onlar keçmişdə işləri əməkdaşlara dövr etməyə çalışıblar, hətta bir neçə dəfə bunu ediblər. Amma hər dəfə əməkdaşlardan istədikləri nəticəni almayıblar. Sonradan məcbur olublar işləri özləri tamamlasınlar və buna sərf etdikləri əziyyət və vaxt işi sıfırdan özləri gördükləri halda sərf etdiklərindən daha çox olub. Buna “qaynar süd sindromu” deyilir. Bir dəfə qaynar süddən ağzı yanan adam sonra soyuq suyu da üfürə-üfürə içir. Arzuladığı nəticəni əməkdaşlardan almayan rəhbər də növbəti dəfə tapşırığı qorxa-qorxa verir və yenə işçidən yarımayanda üçüncü dəfə çıxış yolunu işi təkbaşına görməkdə tapır. Onsuz da yarımçıq işin tamamlanmasına, səhvlərin düzəlişinə eyni, bəlkə də, artıq resursları sərf edəcək.
Adətən, “qaynar süd sindromu” olan rəhbərlər əməkdaşlara ən sadə, daha çox texniki xarakterli tapşırıqları verirlər. Azca qeyri-standart işlər onların özləri tərəfindən görülür. İnkişaf etmək istəyi olmayan əməkdaşları belə vəziyyət tam qane edir. Təcrübə toplamaq, peşəkarlığı yüksəltmək arzusunda olanlar isə belə şəraitlə nadirən razılaşır və ayrılır. Müəyyən müddət ötəndən sonra rəhbərin komandası tamamən təşəbbüssüz, bacarıqsız və tənbəl şəxslərdən ibarət olmağa başlayır və işlə yüklənmiş rəhbərin öhdəliklərini ötürmək barədə təkrar cəhdi əsl fiaskoya uğrayır. Bundan sonra o, komandasında tapşırıqları icra edə biləcək qabiliyyətdə olan şəxslərin olmadığından tamamən əmin olur. Hərçənd komandasını bu vəziyyətə özü çatdırıb.
Sizcə, “qaynar süd sindromu” olan rəhbərlər üçün çıxış yolu nədir?