blogpost-title

İdarəetmə

Komanda çalışması

Kommunikasiya

Korporativ mədəniyyət

Oyunun qaydaları

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Rəhbərin nüfuzunu aşağı salan yanlış addımlardan biri də oyunun qaydalarını elə oyun zamanı dəyişməkdir. Bu cür hadisələr işçilərin motivasiyasına da ciddi təsir göstərən amillərdən biridir. İstənilən məsələnin sənədləşdirmə dərinliyindən asılı olmayaraq müəyyən boşluqlar qalır. Bəzən rəhbərlər həmin boşluqlardan həm öz xeyrinə, həm də işçinin əleyhinə istifadə etməyə cəhd edirlər. Hesabat dövrü bitdikdən sonra istehsal planı yerinə yetirilsə də, əvvəlki ayın çatışmazlığının ondan çıxılacağı, satış nəticəsində rəhbərin dəstəyi ilə həyata keçirilmiş satışların nəzərə alınmayacağı, təchizatlardan yalnız ayın son gününədək anbara daxil olan məhsulların nəzərə alınacağını bildirməklə işçilərin nəticələri əhəmiyyətli dərəcədə aşağı salınır. Kənardan baxdıqda bəzən verilən həmin qərarların məntiqli olduğunu görürük. Həqiqətən də, yolda olan xammalın təchizatının icra olunmuş kimi nəzərə alınması məntiqli deyil. Lakin əvvəllər belə şərt olmayıb və şərtin əvvəlcədən müəyyən edilməmə məsuliyyəti işçinin üzərinə yox, nəzəri cəhətdən daha yüksək təcrübə və bacarığa malik, uzaqgörən rəhbərin üzərinə düşməlidir. Həmin şəxs səhvə yol veribsə, onun məsuliyyətini öz üzərinə götürməli və üst rəhbərlik qarşısında özü izah verməlidir ki, nəyə görə işi məntiqsiz əsaslarla müsbət dəyərləndirib. Lakin səhvini öz üzərinə götürməyə cürət edən rəhbərlər azdır. Əksəriyyət işçiyə vəziyyəti izah edib, ona çatmalı olanı kəsib öz rəhbərliyi qarşısında qüsursuz olduğunu nümayiş etdirməyə üstünlük verir. Üzdə sanki problem həll olunub, işçi haqlı olmadığı ilə razılaşıb. Lakin reallıqda rəhbər həmişəlik işçinin gözündə nüfuzdan düşüb, etibarını itirib. Hər yeni tapşırıqda, hər yeni vəddə işçidə belə bir şübhə yaranır ki, görəsən, icra etməyə dəyərmi, icra etsəm, müsbət dəyərləndiriləcəyəm, yoxsa yenə nə isə uydurulacaq və haqsız olduğum məlum olacaq. Ən dəhşətlisi də odur ki, həm rəhbərlərdə, həm də işçilərdə bu ssenari artıq standarta çevrilib. Bundan sonra hansı işlək motivasiya sistemindən söhbət gedə bilər?!