Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Son Biznes İdarəçiliyi Forumunda Türkiyədən olan spiker Resul Tura bildirdi ki, statistikaya əsasən, namizəd vakansiyaya seçilmədikdə 75 % halda heç bir cavab almır. Yəni şirkət başqasının xeyrinə seçim etsə də, müsabiqədə iştirak edən digər namizədlərə mənfi nəticə barədə məlumat verilmir. Təbii ki, adamlar müəyyən müddət ümidli qalıb sonra başa düşürlər ki, indiyədək onlarla əlaqə saxlanılmayıbsa, böyük ehtimalla başqası seçilib.
Oxşar vəziyyət kommersiya təkliflərinin seçilməsi ilə bağlı baş verir. Konkret statistika əlimdə yoxdur, amma elə öz şirkətimizin fəaliyyətindən deyə bilərəm ki, iştirak etdiyimiz satınalma müsabiqələrində qalib gəlmiriksə, adətən, heç bir cavab almırıq. Ola bilsin ki, müsabiqənin təşkilatçısı rəqib xidmət təminatçısı ilə müqaviləni bağlayıb və hətta artıq onun icrasına başlayıb. Bizim CRM sistemi isə satınalmanı təqib etmək lazım olduğu barədə hələ də avtomatik xəbərdarlıqlar verir və satış komandası bu işlə məşğul olur.
Yadıma vaxtın idarə olunması mövzusunda apardığım təlimdən bir hissə düşdü. Orada bildirirəm ki, əlavə vaxt qazanmağının yollarından biri əsassız xahişlərə “yox” deməyi öyrənməkdir və bununla bağlı səhnəciklər oynanılır. Maraqlıdır ki, təlim iştirakçıları çox yaradıcı olub qarşı tərəfin imtina ilə xətrinə dəyməmək naminə bəzən ağlasığmaz strategiyalar işlədirlər. Amma demək olar ki, heç kim nəzakətli şəkildə birbaşa imtina cavabını vermir.
Nəyə görə bu “yox” belə çətindir? Bəlkə, “yox” deməmək, sadəcə, daha asan yoldur. Vakansiyaya namizəd, satınalmada iddiaçı, nə isə xahiş edən müəyyən müddətdən sonra özləri imtina aldıqlarını başa düşəcəklər. İmtina birbaşa səsləndirilsə idi, etirazla qarşılaşmaq olardı, mövqeyi əsaslandırmaq ehtiyacı yarana bilərdi, hətta müəyyən mübahisə və münaqişə də ola bilərdi. Amma bunlar “yox” deməkdən yayınanlara bəraət qazandırmır. Hər səsləndirilməyən imtina, kiçik də olsa, qeyri-peşəkarlıqdır və mənbəyi olmalı qurumun işgüzar nüfuzuna zərər vurur.
Bəs siz nə “hə”, nə də “yox” cavabını almadığınız vəziyyətlərə düşmüşünüz?