Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Mehriban komandaya ehtiyac varmı? Əksər rəhbərlər üçün bu sualın cavabı birmənalı müsbətdir. Belə ki, idarəçiliyin müasir trendləri artıq öz nəticəsini göstərib. Həmin rəhbərləri daha çox maraqlandıran sual odur ki, komandada xoş münasibəti, səmimiyyəti necə yaratmaq olar?
Nəzəri hesab olunur ki, komanda mehriban olarsa, onun üzvləri daimi bir-birinə dəstək olması, motivasiyaları yüksək olması və digər müsbət xüsusiyyətlər nəticəsində komanda uğur əldə edəcək. Başqa məsələ odur ki, praktikada belə mehriban komandanı qurmaq o qədər də asan deyil. Adətən belə abı-havanı nisbətən cavan və kiçik kollektivlərdə yaratmaq alınır və 1-2 ildən uzun müddət saxlamaq mümkün olmur. Bir qədər təcrübəli və komandasının mehriban olduğunu düşünən rəhbərlər mənim bu fikrimlə razılaşmaya bilərlər, lakin məqsədim, məsələyə fərqli bir baxış bucağından yanaşmaqdır.
Bizim mədəniyyətdə həmkarların nöqsanlarını göstərmək xoş qarşılanmır. Təsəvvür edək ki, belə bir nöqsan mehriban bir komanda daxilində baş verib. Böyük ehtimalla, komanda üzvləri həmin nöqsanı rəhbərdən gizlədəcək. Çox güman ki, belə komanda daxilində əməkdaşların bir-birinə qarşı tələbkarlıq standartı aşağı düşəcək və onlar bir-birini “yola verəcəklər”. Nisbətən iri bir şirkətdə belə komandanın digər struktur bölmələrlə və ya şirkətin özü ilə münaqişəsi isə ümumən, biznes üçün faciəvi nəticələnə bilər.
Mən işdə yoldaşlıq münasibətlərinin əleyhinə deyiləm. Bu münasibətlər müəyyən bir səviyyədə olmalıdır. Bu, həqiqətən, qarşılıqlı dəstəyə, daha xoş mühitin yaranmasına səbəb olur. Lakin rəhbərlərin “mehriban komandaya” idarəetmənin uğur təminatı kimi yanaşmasının və daima diqqət mərkəzində saxlamağının tərəfdarı deyiləm. Rəhbər və işçi münasibəti bir antaqonizmdir. Hər şey qaydasında olanda mehriban komanda olmaq asandır, amma böhran vəziyyətində belə komanda nadir halda işin maraqlarını ali hesab edir.