Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Müşahidələrimə əsasən, bir çox sahibkar və muzdlu idarəçilər təmsil etdikləri bizneslərinin təqdimatında çətinlik çəkirlər. Ənənəvi yanaşma ondan ibarətdir ki, təqdimat bacarıqları daha çox satışla məşğul olan işçi heyətinə xas olmalıdır. Lakin idealda satışla, xüsusən şirkət kiçik və ya orta biznesə aiddirsə, müəssisənin istənilən əməkdaşı, o cümlədən sahibkar və muzdlu idarəçilər müəyyən qədər məşğul olmalıdır. Bundan başqa biznes klublar var ki, satış əməkdaşları onların üzvü ola bilmirlər, nəticədə, təmsilçilik və tanıtım vəzifələri alternativsiz səhmdar və müəssisə rəhbərlərinin üzərinə düşür. Bəzən onlar isə ya təbiətlərindən irəli gələn utancaqlıqdan, ya zəif nitq qabiliyyətindən və ya sadəcə hazırlıqsızlıqdan bizneslərinin nədən ibarət və hansı üstünlükləri olduğu, müştərilərə nə fayda gətirdiyi barədə normal məlumat verə bilmirlər. Bunun əvəzinə həmin şəxslər fikirlərini qarışıq, uzun-uzadı və yaddaqalmayan formada ifadə edirlər. Bəziləri həyəcandan, əksinə mümkün qədər qısa və aşağı səs tonu ilə danışmağı üstün tuturlar. Nəticədə, qarşılıqlı əlverişli potensial tərəfdaşlıq, yeni satış imkanları əldən buraxılır.
“Lift nitqi” adlı bir alət həll yoludur. Nəyə görə lift? Təsəvvür edək ki, təsadüfən xəyali müştərimizlə bir liftdəyik və təxminən 30-40 saniyə, ən çoxu 1,5 dəqiqə vaxtımız var ki, şirkətimizi və məhsulumuzu ona təqdim edək. “Lift nitqi”nin hazırlanmasının bir neçə sadə qaydası var. Mütləq aydın şəkildə şirkətin adı səslənməli, əsas məhsul və onun üstünlükləri bildirilməli və bu təsir edən və yaddaqalan formada olmalıdır. “Lift nitqləri” bütün müəssisələrdə olmalıdır və onları bütün işçi heyəti bilməlidir. Bu alət həm peşəkar satıcılara, onlardan da çox təqdimat etmək vərdişi olmayan sahibkar, rəhbər və digər əməkdaşlara faydalı ola bilər. Hazır “lift nitqi” olanda natiq olmayanlar da təmsil etdikləri qurumları təsirli təqdim edə bilirlər. Əsl natiqlərə çevrilmək istəyənlər isə müvafiq qurumlarda təlim alıb bu arzularını həyata keçirə bilərlər.