Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Biznes ədəbiyyatında, sosial şəbəkələrdə lider və idarəedici rəhbərləri tez-tez müqayisə edirlər və liderlik rəhbərlik tərzinə üstünlük verirlər. Lider, əsasən, şəxsi nümunəsi ilə əməkdaşları ruhlandıran, hər zaman irəlidə gedən bir şəxs kimi nümayiş olunur. İdarəedici isə daha çox arxa cəbhədən göstəriş verməklə cəzalandırma alətlərinə tez-tez əl atan şəxs kimi qələmə verilir. Təbii ki, bunları oxuyan cavan nəsil lider olmağa can atır və idarəedici rəhbərlik tərzinə xas əməllərdən uzaq olmağa çalışır. Hətta özlərinə qarşı idarəedici davranışı ilə qarşılaşdıqda bunu mühafizəkarlığın nümunəsi kimi mənfi qəbul edirlər.
Belə tutuşdurmanın əleyhinəyəm. Birincisi, təmiz şəkildə nə lider, nə idarəedici tərzi mövcuddur, yəni hər zaman liderin işində idarəedicilik olur, idarəedicidə isə liderlik əlamətləri özünü büruzə verir. Etiraf edək ki, sonuncu daha nadirdir. İkincisi, işçiləri ruhlandırmaq üçün şəxsi nümunə yeganə üslub deyil. Misal üçün, fərqli iş nəticələrini nümayiş etdirən işçilərə obyektiv mütənasib qiymət verməklə də ruhlandıqmaq olur. Üçüncüsü, şəxsi nümunə anlayışını çox vaxt bir qədər yanlış qəbul edib işi işçilərin əvəzinə və onların hamısından yaxşı görmək kimi başa düşənlər olurlar. Dördüncüsü, lider olmağa can atan şəxs də lazım gəldikdə cəzalandırmaya əl atmalıdır. Rəhbərlik mükafatlandırma və cəzalandırma balansı olmadan qeyri-mümkündür.
Liderlərin əsas fərqi odur ki, həmin şəxslər daha uzaqgörən, yenilikçi olur, daha çox ilhama və çevik reaksiyaya güvənir, inandırmaq üçün emosional dəlillərdən çox istifadə edirlər. İdarəedicilər isə daha çox planlamaya, təhlilə meyillidir, məntiqli arqumentasiyaya üstünlük verirlər. Odur ki “lider” olub məhdud sayda idarəetmə alətlərində istifadə etmək, həmişə sıravilərdən irəlidə hücuma getməyə ehtiyac yoxdur. Yaxşı rəhbər lider də, idarəedici də ola bilər. Daxili təbiətiniz idarəedici olmağınıza sizi təşviq edirsə, yanlış dəbin ardınca gedib nəyin bahasına olursa-olsun, hər zaman liderlik idarəetmə tərzini tətbiq etməyə ehtiyac yoxdur.