Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
İdmanda belə deyim var: “Birinci olmaq çətindir, amma birinci qalmaq ondan da çətindir”. Bunu işgüzar sahədə liderliyə də aid etmək olar. İdmanda da, işgüzar həyatda da öndə olanların şəxsiyyətinə, davranışına irəli sürülən tələblər daha yüksək olur. Bunun həm pozitiv, həm də neqativ izahı var. Bəziləri liderləri ideallaşdırmağa meyillidirlər. Ona görə liderlərin hər kiçik xətası həmin şəxslərin gözlərində liderləri nüfuzdan salır. Neqativ izah isə ondan ibarətdir ki, adətən, liderlər uğurlu şəxslərdir. Təəssüf ki, insan təbiətinə paxılıq xas və çox genişyayılmış xüsusiyyətdir. Bununla bağlı liderin hər addımını mikroskop altında izləyənlər və ən cüzi yanlışlığı bayraq edib liderin o qədər də ideal olmadığını bilməkdən və cəmiyyətdə bununla paylaşmaqdan həzz alanlar az deyil.
Lider olan rəhbərin nüfuzuna ən ciddi zərbə vuran hallardan biri sözü və əməli arasında fərqdir. Demək asan, deyilənə riayət etmək çətin, davamlı riayət etmək isə lap mürəkkəbdir. Tez-tez olur ki, rəhbər uzaq məsafədə olan əməkdaşlar üçün daha nüfuzlu olur, nəinki yaxın ətrafındakıları üçün. Səbəb çox sadədir. Rəhbərlə gündəlik ünsiyyətdə olanlar onu daha yaxşı tanıyır, onun əməllərinin motivlərini daha dəqiq təyin edə bilir və sözləri ilə əməl fərqlərinin daha tez şahidi olurlar.
Başqa nüfuzdan salan davranış məsuliyyətdən yayınmaqdır. İşgüzar həyatda da qalib gəlir komanda, uduzur isə lider-rəhbər (məşqçi). İş komandasında nə isə yanlış gedirsə, yaxşı rəhbər, xüsusən liderlik iddiası olan rəhbər səhvləri əməkdaşlardan əvvəl özündə axtarmalıdır.
Liderin nüfuzuna zərbə vuran daha bir davranış “başqalarından tələb edib özünün riayət etməməsidir”. Bunu işçilərin əvəzinə işləməklə qarışdırmaq lazım deyil. Rəhbərin idarəetmə işi var, əməkdaşların icra işi. Lakin əməkdaşlardan gərgin çalışmağı tələb edib idarəetmə işi ilə kefi olanda məşğul olmaq, nizam-intizamın aliliyini bildirib işə davamlı gec gəlmək, çətin dövrdə işçilərə verilən güzəştləri kəsib öz əməkhaqqısını artırmaq lider davranışı deyil. Siyahı tam deyil, liderliyin yükü çətindir.