Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Şirkətin ən dəyərli aktivi onun əməkdaşlarıdır, onların arasında isə xüsusi yeri istedadlar tutur. İstedadları tapıb şirkətə cəlb etmək nə qədər çətin olsa da, kəskin rəqabət şəraitində onları saxlamaq daha çətin vəzifəyə çevrilib. Təbii ki, bütün insanlar kimi istedadlar da fərqli olur. Elələri var ki, stabilliyə meyillidirlər və iş yerini mümkün qədər az dəyişməyə üstünlük verirlər. Amma əksəriyyəti ürəyincə iş, rəhbər və şirkət tapmayanədək səyahətlərini davam etməyi üstün tutur.
Yəqin, çoxları “adamlar şirkətə işə qəbul olunur, ayrılanda isə rəhbərdən gedir” deyimini eşidib. Həqiqətən, insan resursları bölməsinin şirkətə əziyyətlə cəlb etdiyi istənilən işçini saxlamaq vəzifəsi ilk növbədə onun birbaşa rəhbərinin üzərinə düşür. Xüsusən orta və iri qurumlarda. Kiçik təşkilatlarda işçiyə bütün rəhbər heyəti təsir edə bilir. Şirkətdəki korporativ mədəniyyətin rolu da çox əhəmiyyətlidir. Amma əksər vaxt işçi tərəfindən korporativ mədəniyyət də rəhbərin prizması üzərindən dəyərləndirilir. Həm də iri şirkətlərdə öz qaydaları ilə fəaliyyət göstərən kiçik icmalar olur. Misal üçün, eyni şirkətin İT və mühasibat komandaları nisbətən fərqli mühitlərdə fəaliyyət göstərirlər və həmin mühitlərin yaranmasına ən çox təsir edən həmin komandaların birbaşa rəhbərlərdir. Yəni yenə də rəhbər faktoru önə çıxır.
İstedadı saxlamaq üçün fərdi güzəştlər lazımdırmı? Hesab edirəm ki, xeyr. Sadəcə, bütün əməkdaşlar üçün, istedad daxil normal iş mühiti və sağlam idarəetməni təmin etmək lazımdır. Məhz istedad üçün fərqli iş rejimi, müxtəlif güzəştlər komandada münasibətlərin pozulmasına gətirə bilər. Həm də istedadlar da adi insanlara xas zəifliklərdən məhrum deyillər, özlərinə münasibətdə davamlı güzəştlərin edildiyini görəndə bəziləri bundan sui-istifadə etməyə başlaya bilər. İstedadları motivasiya etmək üçün onlara işlərində daha geniş fəaliyyət sahələri etibar edilə, əlavə məsuliyyət həvalə oluna bilər. Bir də istedadlar nə dərəcədə biznesə əlavə dəyər qatsalar da, şirkəti nə onlardan, nə də başqa fərdlərdən asılı vəziyyətə salmaq olmaz.