blogpost-title

Kommunikasiya

Korporativ mədəniyyət

İşə qəbulda yalanlar

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İşə qəbul olunmaq üçün namizədlərin bəzən yalan danışdığı hər kəsə məlumdur. Çoxlu metodikalar da mövcuddur ki, həmin yalanlar ifşa olunsun və insan resursları üzrə mütəxəssisləri onları davamlı öyrənirlər. Lakin həqiqət odur ki, müsahibədə tək namizəd yox, işəgötürənin nümayəndəsi də bəzən yalan danışır. Zəif və ya problemli işəgötürən nüfuzuna malik müəssisələrin HR əməkdaşları normal namizədləri işə cəlb etmək üçün yalan danışmağa məcburdurlar. Təsəvvür edin ki, həmin işçi tam səmimidir və namizədin iş və iş yeri ilə bağlı suallarına cavab verərkən bildirir ki, şirkətdə heç bir birlik yoxdur, həmkarlar bir-birinə dəstək göstərmək əvəzinə izləməyi və ilk səhvlərini taparkən rəhbərliyə bu barədə hesabat verməyə üstünlük verir, sahibkar və şirkət rəhbərliyinin verdiyi qərarların məntiqini izləmək çətindir, həftənin əvvəli yeni məhsulun layihələndirilməsi barədə qərar verilir, həftənin sonu isə layihə ləğv olunur və sairə. Təbii ki, bunu eşidən namizəd tam çarəsiz vəziyyətdə deyilsə, iş təklifini rədd edəcək. İnsan resursları üzrə mütəxəssisin isə CV toplanması, monitorinqi, müsahibə üzrə fəaliyyətləri boşa çıxacaq, vakansiyaların doldurulması üzrə əsas icra göstəriciləri icra edilməmiş qalacaq, həm də şirkətə fayda gətirə biləcək namizədin HR-ın öz əli ilə qovması məntiqsizdir. Bunları başa düşərək bir tərəfdən HR-ı qınamaq da olmur. Nəticədə, vakansiya doğru və yalan hesabına doldurulur.

Böyük həvəslə işə başlayan yeni əməkdaş müəyyən vaxtdan sonra gerçəklə qarşılaşıb aldandığını başa düşür. Yalanın dərəcəsi, namizədin əmək bazarında dəyəri və daxili təşəbbüskarlığından asılı olaraq o, ya həvəssiz işə davam edir, ya da bununla yanaşı yeni iş axtarmağa başlayır. Dərhal işdən gedənlər də olur. “Ulduz” işçilər belə şirkətlərdə çox nadir hallarda məhsuldar və uzun müddət işləyirlər. Ona görə işə qəbul zamanı yalan az effektivdir və qısa müddətdə eyni vakansiyanın təkrar yaranmasına səbəb olur. Yalanlar əvəzinə onların səbəblərini tədricən aradan qaldırmaq daha sağlam yoldur. Amma burada tək HR azdır, rəhbərlik və bütün komanda çalışmalıdır.