blogpost-title

İdarəetmə

İşçilərin dəyərli səhvləri

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Əməkdaşların yol verdiyi səhvlər şirkətə, əsasən, ziyan vurur. Lakin reallıq odur ki, onların heç baş verməməsi qeyri-mümkündür. Ona görə ön plana səhvlərin sayı və təsirini minimuma endirmək və onların baş verməsi nəticəsində qazanılan mənfi təcrübəni qoruyub saxlamaq çıxır. Həmin təcrübə şirkət üçün son dərəcədə dəyərlidir.

Təəssüf ki, bir çox müəssisələrdə bu məsələyə kifayət qədər əhəmiyyət vermirlər. Nəticədə, qazanılan təcrübədən səhvə yol verən əməkdaş yararlanır və səhvi təkrarlamır, yəni səhv təcrübəsi fərdə bağlı olur. Həmin işçinin işdən ayrılması ilə əlaqədar təcrübə də itir və səhvin təkrar başvermə ehtimalı qat-qat artır. Təşkilatda idarəetmə sistemi daha yuxarı səviyyədədirsə, səhv haqqında məlumat onu buraxa biləcək bütün əməkdaşlara verilir və bununla onların da həmin səhvi təkrarlamaq ehtimalı aşağı salınır. Yanaşmanın ən üstün səviyyəsi isə odur ki, adətən, olduğu kimi səhvin tək nəticələri aradan qaldırılmır, həm də onun səbəbləri araşdırılır və iş prosesində elə bir dəyişiklik edilir ki, həmin səhvə təkrarən yol vermək mümkün olmasın. Həmçinin səhv haqqında məlumat elə arxivləşdirilir ki, şirkətə gələcəkdə işə qəbul olunacaq işçilər belə bu səhv barədə məlumatlı olsunlar və prosesləri təkrar dizayn etdikdə onu nəzərə alsınlar. Bu isə şirkətə baha başa gələn səhv təcrübəsinin işçi nəslindən nəslinə ötürülməsinin və gələcəkdə təkrarlanmasının istisna edilməsinin göstəricisidir.