blogpost-title

Komanda çalışması

Kommunikasiya

Korporativ mədəniyyət

İşçilər nə bilməlidir?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bu yaxında iştirak etdiyim bir tədbirdə şirkət planlarını işçilərlə bölüşməyə ehtiyac olub-olmadığı mövzusunda diametral fərqli fikirlər səsləndi. Mövzu maraqlı olduğu üçün fikirlərimlə bölüşmək istədim.

Əksər yerli şirkətlərimizdə maksimal dərəcədə məxfilik siyasəti yürüdülür. Seçilmiş tək-tük şəxslər istisna olmaqla, qalan işçilər üçün şirkətin bütün məlumatlarının gizli saxlanmasına cəhd edilir. Hətta bəzən ümumi mənzərə ilə tək şirkət sahibi və rəhbəri tanış olur. Maliyyə direktoru istehsal xüsusiyyətlərini bilmir, istehsalat direktoru satış qiymətlərindən bixəbərdir və sair. Sıravi işçilərin rəsmi məlumatlılıq dərəcəsindən danışmağa ümumiyyətlə dəyməz. Təbii ki, marjaları, maya dəyərlərini, təchizatçılardan alış qiymətlərini, rəqib üçün sürpriz olacaq aksiyaların hər kəsə açıqlanması düzgün olmaz. Məxfilik lazımdır, amma ağlabatan dərəcədə olmalıdır. Digər struktur bölmələrin fəaliyyətindən bixəbər olan rəhbər işçilər yanlış qərarlar qəbul edir. Sıravi işçilər isə bixəbər olduğu mövzularda adətən fərziyyələr qurur və həmin fərziyyələrin mütləq əksəriyyəti yanlış və qeyri-sağlam olur. Şirkətin ümumi planlarını bilən işçi gördüyü işin mənası və məqsədini anlayır, özünü şirkətin bir hissəsi hiss edir, rəhbərlikdən etibar və güvən olduğunu duyur, gələcəyə nikbin baxır.

Planların məxfiliyinə nəyə görə üstünlük verildiyinə dair suala bir neçə alternativ cavabım var: 1) planlar yoxdur 😊; 2) planların düzgün olmasında rəhbərliyin özü əmin deyil; 3) məlumat məhdudiyyəti vasitəsilə idarə etmək manipulyasiya menecmentin üsullarından biridir; 4) komandaya etibar edilmir; 5) komandaya dəyər verilmir; 6) komanda üzvləri məlumatlı olduqda özləri üçün əlavə nə isə istəyəcəklərindən ehtimal edilir; 7) başqa şirkətin məxfilik siyasəti onun müsbət və mənfi təsiri təhlil edilmədən təkrarlanır.