Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Rəhbərlər onlara tabe olan işçi sayına çox zaman qısqanclıqla yanaşırlar. Bu, daha çox xətti və orta səviyyə rəhbərlərə aiddir. Maliyyə nəticələrindən cavabdeh muzdlu idarəçilər və sahibkarların özləri bu bəladan az əziyyət çəkirlər, çünki tək status naminə əlavə xərc çəkməyə onlardan azı razı olur. Maliyyə nəticələrindən cavabdeh olmayan muzdlu rəhbərlərin bir çoxu isə hesab edir ki, tabeliklərində nə qədər çox əməkdaş olarsa, statusları elə o qədər yüksək olacaq. Maslounun ehtiyaclar piramidası ilə bu yanaşmanı izah etmək çox asandır. Bəzən belə halla qarşılaşmaq olur ki, rəhbər müasir həllərin tətbiqinə maneələr yaradır. Misal üçün, prosesləri avtomatlaşdırmaqdan yayınır ki, tabe struktur bölmədə iş həcmi azalmasın və işçi sayı enməsin. Belə rəhbərin əməkdaşları bəzən onun bu cür davranışını özləri barədə qayğı kimi də dəyərləndirə bilirlər. İşçilər düşünür ki, rəhbər onları iş itirməkdən qorumağa çalışır. Reallıqda isə, adətən, rəhbər daha çox öz statusunun qayğısına qalır.
Şərt deyil ki, bir struktur bölmədə artıq olan işçi qurumdan mütləq xaric olunsun. Digər struktur bölmədə həmin ixtisasda işçiyə daha çox ehtiyac ola bilər. Həm də uzun müddət artıq işçilər hesabına qeyri-effektiv olan şirkət müəyyən mərhələdə bunun qurbanına çevrilə bilər və onun əməkdaşları tam heyətlə işsiz qala bilərlər. Axı rəqabəti hələ heç kim ləğv etməyib.
Bəzən rəhbərlər özlərinə öz gözlərində bəraəti o fikirlə qazandırırlar ki, bu boyda qurumda bir artıq əməkdaşdan zərər cüzidir. Lakin hər bir struktur bölmədə belə artıq əməkdaş olarsa, bu şirkətin effektivliyini nə qədər aşağı salar. Rəhbər tərəfindən motivlərdən asılı olmadan süni şəkildə işçi sayının şişirdilməsi iş yerinə münasibətdə bir xəyanətdir. Onun üçün çalışdığı qurumun maraqları həm işçilərinin, həm də özünün maraqlarından üstün olmalıdır. Humanistlik nümayiş etdirmək istəyənlər isə bunu çalışdıqları şirkətlərin hesablarına yox, öz şəxsi hesablarına edə bilər və bu, əsl prinsipiallıq və insansevərlik nümunəsi olar.