Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Yerli kiçik və orta şirkətlərimiz arasında kifayət qədər geniş yayılmış qüsurlu praktika var ki, HR xidməti sanki şirkətin daxili gözətçisidir. Əməkdaşlar nə isə düz etmədikdə onlar HR-a göndərilir. İşçilər işə gecikdikdə eynən. Rəhbərlə münasibətlərdə yanlış davranan işçi yenə də HR-a çağırılır. Beləliklə, bütün qamçılama vəzifələri İnsan Resursları xidmətinin üzərinə qoyulub.
Təəccübləndirən iki məqam var. Birincisi, idarəetmə kökə və qamçı cütlüyünün kompleks tətbiqi olmadan mümkünsüzdür. Birbaşa rəhbərlər isə kökəni özlərində saxlayıb qamçını HR-a ötürürlər. İkincisi, HR-lar nəyə görə belə vəziyyətlə barışır. Şirkətin rəhbər işçiləri vəzifələrini yerinə yetirməyib üzərlərindən atır, HR-lar isə bununla dinləməz-söyləməz razılaşır. Əlavə iş görmək kənara qalsın. Tutaq ki, bu, HR-ların öz seçimidir. Amma bununla yanlış idarəetmə praktikasının yayılmasına şərait yaradılır. Bu isə şirkətə ziyan vurmaq deməkdir. “Şillə vuran” imicinin HR-lar üçün yaxşı tərəfi, bəlkə də, hər kəsin onlardan çəkinməsi və bununla ucuz nüfuz mənbəyi olmasındadır. Amma HR başqa və daha sağlam yollarla, bəlkə, ondan da artıq nüfuz qazana bilər.
Bir dəfə bu barədə yazmışam ki, bir çox şirkətlərimizdə HR yox, kadrlar şöbəsi fəaliyyət göstərir. Təsvir olunan vəziyyət ona xas bir xüsusiyyətdir. Korporativ mədəniyyəti formalaşdırmaq və işçilərlə tərbiyəvi söhbətlər aparmaq, cəzavermə funksiyasını icra etmək başqa-başqa şeylərdir. Əmək qanunvericiliyinin, o cümlədən intizam tənbehlərinin tətbiqi HR işinin cüzi hissəsidir.
Sonda HR-lara səslənib demək istəyirəm ki, özünüzü digərlərinin vuran əllərinə çevrilməsinə imkan verməyin. Şirkətinizdəki xətti rəhbərlərdən başlayaraq şirkət sahiblərinədək onlara tabe olan insanların idarə olunması vəzifələrini özləri yerinə yetirməlidir. Siz isə tələb olunduqda onlara idarəetmədə dəstək göstərə və zəruri düzəlişlər edə bilərsiniz.