blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Optimizasiya

Hədəfsiz biznes

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Vaxtın idarə olunması təlimləri çərçivəsində iştirakçılara həyat axarı ilə üzmək əvəzinə şirkətlər kimi uzunmüddətli hədəfləri müəyyən etməyin və onlara doğru getməyin faydası barədə danışıram. Real Azərbaycan biznesi isə yenə də təəccübləndirir. Hədəflərin təyin olunmasını şərtsiz rutin iş üslubu kimi qəbul edən əsasən xarici kapitallı şirkətlərin əməkdaşları üçün bu inanılmaz gəlsə də, bir çox şirkətlərimiz hələ də hədəfsizdir. Şübhəsiz ki, sahibkarların ağıllarında müəyyən ideya və planlar var. Amma onlar maddiləşdirilməyib, düzgün formata salınmayıb, onların yol xəritəsi cızılmayıb. Belə olduqda, bu hədəf yox, xəyallardır.

Hədəflərin maddiləşdirilməsi, yəni kağız üzərinə və ya elektron daşıyıcıya keçirilməsi, onların inkişaf etdirilməsinin effektiv vasitəsidir. Dahilər istisna olmaqla, əksəriyyətimizin aid olduğu, orta statistik adamların beyni mürəkkəb məsələləri sadələşdirdikdən sonra dəyərləndirə və inkişaf etdirə bilir. Həm də yaddaşa unutmaq keyfiyyətinin xas olduğunu da diqqətdən qaçırmayaq. Göz qabağında olan hədəf isə bizi və verdiyimiz təkan nəticəsində idarə etdiyimiz qurumu səfərbər olmağa vadar edir. Şüur bizdən tədbir görməyi tələb edir. Məlum məsələdir ki, mürəkkəb layihələri həyata keçirmək üçün onları mümkün qədər kiçik hissələrə bölmək və hər dəfə növbəti addımı təyin edib icra etmək lazımdır. Düzgün və hərtərəfli giriş məlumatlarına əsasən və SMART prinsipinə uyğun təyin edilmiş hədəflərin keyfiyyəti xüsusilə yüksək olur.

Ən əsası, hədəflərin mövcud olması idarəediciyə imkan verir ki, cari işlərlə yanaşı strateji məsələlərin olduğunu unutmasın və həmin istiqamətlərə lazımi vaxt ayırsın. Konsaltinq praktikamız göstərir ki, hədəflərin təyini üçün kiçik və orta sahibkarlara cəmi 0,5 - 1,5 iş günü vaxt sərf etmək lazımdır, aldıqları faydadan isə bəzən bir neçə il yararlanmaq olur.