Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Hər bir komandada daha güclü və daha zəif işçilər olur. Təbii ki, rəhbər istəyər ki, onun tabeliyində yalnız güclülər olsun, lakin əksər vaxt işçi tərkibi qarışıq olur.
Güclü işçi rəhbərin bir güvən nöqtəsidir. Rəhbər bilir ki, ona nə tapşırıq versə, keyfiyyətlə və vaxtında icra edəcək. Digər işçilərin gördüyü işin nəticəsində isə bir neçə dəfə düzəliş etmək tələb olunur. Həm də eyni işə onlar daha çox vaxt sərf edirlər. Bəzən nə qədər səy göstərilsə də, lazımi nəticə əldə olunmur.
Tədricən belə ənənə yaranır ki, bütün əhəmiyyətli, xüsusən məsuliyyətli işlər güclü işçiyə tapşırılır. Digər işlər isə qalan işçilər arasında bölüşdürülür. Bir xüsusiyyət də var ki, güclü işçilərə xasdır, onlar iş yükünü sevə-sevə qəbul edirlər, işin çox olmasından şikayətlənmirlər. Xüsusən əhəmiyyətli tapşırıqları icra edən əməkdaş bunu rəhbərin ona dəyər verməsi kimi, etimadı kimi qiymətləndirir və bu onun üçün əlavə bir motivasiya faktorudur. Vəziyyətin belə olduğunu görən bəzi rəhbərlər hərdən şüurlu, bəzən bilmədən ən az müqavimət yolunu seçib güclü işçini davamlı yükləyir. Unudulur ki, hər kəsin fiziki resursu məhduddur. Normadan artıq yüklənmiş güclü işçinin nəticələri pisləşməyə başlayır, fiziki və psixoloji səhhətində problemlər əmələ gəlir. İşlərin bu cür qurulması yanlışdır.
Düzgün başqa və daha çətin yoldur. Rəhbər ona tabe olan zəif işçiləri inkişaf etdirməli, öyrənməyi istəməyənləri isə əvəz etməlidir. Təbii ki, bu cür yanaşma rəhbərdən daha çox səy tələb edir. Aydındır ki, hər kəs güclü işçinin səviyyəsinə birə-bir qalxa bilməyəcək. Amma “ulduz” işçidən asılı vəziyyətə özünü və ya tabe qurumu salmaq idarəetmə səhvidir. Həm də güclü işçini davamlı yükləmək ona münasibətdə ədalətsizlikdir.