blogpost-title

İdarəetmə

Əsl rəhbər bir qurucudur!

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bəzən rəhbərlər çox işləsələr də, öz məhsuldarlıqlarından narazı qalırlar. Bunun əsas səbəbi də odur ki, onlar gərgin işlərinin nəticələrini görə bilmirlər. Adətən, belə vəziyyət ondan irəli gəlir ki, həmin şəxslər daim eyni məsələlərlə məşğul olurlar. Bu, gündən-günə, aydan-aya, bəzən ildən-ilə davam edir. Belə rəhbərlərin diqqət mərkəzində davamlı olaraq cari məsələlər durur və onlar iş vaxtlarının əksər hissəsini həmin məsələlərə sərf edirlər. Onlara daha strateji məsələlərə diqqət yetirmək lazım olduğu təklif olunanda buna etiraz edərək bildirirlər ki, məşğul olduqları məsələlərdən uzaqlaşarlarsa, qurumun cari fəaliyyəti dayana bilər. Belə olduqda isə bütün uzunmüddətli məsələlər öz əhəmiyyətini itirəcək. Nəticədə, həmin şəxslər sanki qapalı bir dövrəyə düşürlər. Cari məsələlərdən uzaqlaşmaq mümkün deyil, amma belə olduqda inkişaf da baş vermir.

Əslində, rəhbərlərin istifadə etməli olduqları çox sadə bir çıxış yolu var. Cari işlər nizama salınmalıdır, onların görülmə standartı müəyyən olunmalıdır və məhz bundan sonra rəhbər həmin işlərə daha az vaxt sərf etməlidir. Burada reqlamentasiyanın müstəsna rolu var. Yazılı və ya videoqayda mütləq hazırlanmalıdır, əsas icra göstəriciləri təyin olunmalıdır və onlar davamlı olaraq ölçülməli, nəzarətdə saxlanılmalıdır. Belə yanaşmada rəhbərin əlavə sərbəst vaxtı yaranır. Rəhbər həmin vaxtı digər məsələlərə sərf edə bilər. Həm də işlərin belə quruluşu rəhbər üçün bir motivasiyadır. Çünki işgüzar şəxsi motivasiya edən əsas amillərdən biri elə gördüyü işin nəticəsidir. Rəhbər anlayır ki, onun cavabdeh olduğu proseslər inkişaf edir və nəticədə, o, davamlı olaraq eyni məsələlərlə məşğul olmaq məcburiyyətində qalmır.

Əsl rəhbər bir qurucudur. O, sadədən daha mürəkkəbə doğru getməlidir, yəni əvvəlcə sadə işləri qaydasına salmalı, sonra daha çətinlərə keçməlidir və heç zaman eyni mərhələdə dayanmamalıdır. Bu baş verdikdə inkişaf hüdudsuz olacaq!