Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Rəhbərlər çox zaman tapşırıq verib həmin tapşırığa son icra müddəti təyin edərkən əməkdaşın cari iş yükünü nəzərə almırlar. Maliyyəçidən yeni növ hesabat istəyən ortastatistik rəhbər təxminən belə düşünür: məlumatın yığılması, onun emal edilməsi, hesabat formasına salınması maksimal 5-6 saat vaxt tələb edir, onda bir gün vaxt versəm, artıqlaması ilə kifayət edəcək. Rəhbərlər və təəccüblü olsa da, çox vaxt tapşırıq alanların özləri də elə davranırlar ki, sanki yeni tapşırıqdan başqa əməkdaşın cari iş yükü yoxdur. Halbuki bu yük hər zaman mövcud olur və ona həm əməkdaşın gündəlik gördüyü işlər daxildir, həm də elə rəhbərin özünün verdiyi əvvəlki tapşırıqlardan irəli gələn fəaliyyətlər.
Rəhbəri haradasa başa düşmək olar. Hərçənd bu cür yanaşma onun idarəetmə bacarıqları mövzusunda sual doğurur. Axı rəhbərin əsas funksiyalarına işlərin planlaşdırılması və əməkdaşlar arasında koordinasiya edilməsi daxildir. Onların hazırda nə ilə məşğul olduğunu bilmədən isə bu funksiyaların keyfiyyətli icrası qeyri-mümkündür.
Bəs tapşırığı alana nə olub, niyə dillənmir, niyə yalan vədlər verir və icra edə bilməyəcək öhdəliklər qəbul edir? Əsas iki problemi qeyd etmək olar. Birincisi, təəssüflər olsun ki, bir tip əməkdaşlar var ki, onlar üçün rəhbərlərə razılaşmamaq elə qəbahətdir ki, onlar heç bir vəziyyətdə bunu etmirlər. Hərçənd bir çox hallarda bunu etməməklə rəhbərə daha çox ziyan vururlar və gələcəkdə daha kəskin şəkildə qəzəbinə səbəb olurlar. İkincisi, bəzən sağlamniyyətli, işgüzar əməkdaşlar əsassız nikbin olurlar və icrası mümkün olmayan öhdəlikləri üzərilərinə götürürlər. Hər iki halda zərbə ümumi işə dəyir və həm rəhbər, həm də əməkdaş uduzur.
İdarəetmə ilə bağlı olan digər vəziyyətlərdəki kimi, yenə də əsas vəzifə rəhbərin üzərinə düşür. Tapşırıq verilərkən, uzunmüddətli fəaliyyət planı qurularkən və digər bənzər hallarda rəhbər əməkdaşların cari iş yükünü düzgün qiymətləndirməli və icra tarixlərini təsdiq edərkən nəzərə almalıdır.