Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Bəzən paradoksal bir vəziyyətlə qarşılaşmaq olur: əməkdaş biznesə töhfəsini sahibkarın və ya biznesin muzdlu idarəedicisinin töhfəsi ilə bərabər və ya artıq hesab edir və onlara nisbətdə aldığı zəhmət haqqının ədalətsizcəsinə az olduğunu düşünür. Əməkdaşın bu cür yanaşmasının yanlış olduğu ona izah edilməsə və tərəfindən qəbul edilməsə, o, ya işdən ayrılır, ya daha az məhsuldarlıq və motivasiya ilə çalışır və ya “ədalət”i bərpa etmək naminə sahibkarın cibinə girir. Hər üç ssenari arzuolunmazdır.
Aydındır ki, belə vəziyyətə əməkdaşın gözündə öz töhfəsinin şişirdilməsi, ya da qarşı tərəfin azaldılması və ya hər iki hal birdən gətirir. Nəyə görə əməkdaşlar biznesə müxtəlif şəxslərin töhfələri barədə belə düşünürlər? Birincisi, bəzən əməkdaşlar fəaliyyətlərini əsassız olaraq çox yüksək dəyərləndirirlər. İkincisi, həqiqətən, əməkdaşın biznesin ayaqda durması və inkişafına töhfəsi çox böyük ola bilər. Lakin işçilər bəzən iş yükünü natamam görürlər. Sahibkarın və ya muzdlu idarəedicinin gündəlik nə ilə məşğul olduqları, hansı qayğıları çəkdikləri göz qabağında olmur. Əməkdaşın çox geniş məsuliyyət sahəsi olduğu halda belə sahibkar və ya biznesi idarəedən muzdlu rəhbər bütün sahələrə, o cümlədən həmin geniş sahəyə görə cavabdehdir. Üçüncüsü, bəzən sahibkar və biznesi idarəedən rəhbərlər bütün vəzifə və səlahiyyətləri bir əməkdaşa verməklə onun şirkətdə ən böyük töhfəsi olması barədə obyektiv düşünməyə şərait yaradırlar. Bu halda əməkdaşın muzdlu idarəçi ilə özünü müqayisə etməsini başa düşmək olar. Təbii ki, bu, rəhbərin idarəetmə səhvidir. Amma sahibkarla müqayisə yenə də əsassızdır. Sahibkar biznesin əməliyyat fəaliyyətində heç iştirak etməsə belə o, səhmdar qismində çıxış edib və sahibkarlıq riskini təkbaşına daşıyır. Bəzən əməkdaşlar biznesə ciddi sərmayə qoyulmadığı və ya, əsasən, kredit vəsaitlərindən istifadə olunduğunu bildirib öz mövqelərinə haqq qazandırırlar. Belədirsə, töhfə sahibi-işçiyə heç kim mane olmur ki, biznes qursun və çəkdiyi əziyyəti həmin qurumda özü üçün çəksin və mənfəətin əsas sahibi olsun. Muzdlu işçi olduqda isə sahibkar və onun qazancı ilə özünü və əməkhaqqısını müqayisə etmək qeyri-etik və qeyri-peşəkardır.