blogpost-title

İdarəetmə

CEO-nun şəxsi brendi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Şəxsi brendin müasir dövrdə əhəmiyyəti barədə çox danışılır. O həm sahibkarlara, həm muzdlu idarəçilərə, həm də əməkdaşlara lazım olur. Bəzi sahələrdə isə onsuz, ümumiyyətlə, uğur əldə etmək mümkünsüzdür. Misal kimi elə şirkətimizin fəaliyyət göstərdiyi biznes konsaltinq sahəsini gətirmək olar. Günün ehtiyacını görənlərin bəziləri bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərirlər. Bu mövzuda CEO-lar da istisna təşkil etmir.

Muzdlu CEO-ları iki qrupa bölmək olar. Bəziləri aşırı dərəcədə şəxsi brendinqlə məşğul olur və müəyyən dərəcədə şirkətin resurslarından sui-istifadə edib öz simalarını şirkətin hesabına elə şirkətin özündən önə çəkirlər. Digərləri isə heç bu məsələyə diqqət ayırmayıb daha çox arxa planda birbaşa idarəetmə ilə məşğul olurlar. Təəssüf ki, çox bacarıqlı və uğurlu olan CEO-ların əksəriyyəti ikinci yanaşmanı seçir. Təbii ki, müəyyən dar çevrədə həmin peşəkarları şəxsi brendləri olmadan da tanıyırlar. Lakin geniş kütlə üçün bu şəxslər gizli qalırlar. Hərçənd araşdırmalar və şəxsi müşahidələrim onu göstərir ki, CEO-ya müsbət münasibət, xüsusən şirkət B2C sektorunda fəaliyyət göstərirsə, idarə etdiyi şirkətə proyeksiya olunur. Yəni təvazökar CEO-lar şəxsi brendlərini qurmaqla tək “özlərini reklam etmirlər”, onlar çalışdıqları şirkətə də ölçüləbilən konkret maddi və qeyri-maddi fayda gətirirlər. Belə olan halda şəxsi brend qurmaq onların bir vəzifəsinə çevrilir və səhmdarlar bunu tələb etməkdə haqlı olurlar.

Başqa məsələ isə odur ki, hələ də cavan milli biznesimizin artıq öz uğur hekayələri var və həmin hekayələri əsl biznes-liderlər yazırlar. Bu sahəyə marağı olan istedadlı gənclərimiz onları tanımaqla uğurun yalnız okeanın o tayında əldə olunmadığını əyani görüb gələcəklərini Vətənlə daha çox bağlaya bilərlər. Beləliklə, uğurlu CEO-lar təvazökarlıqlarını bir az kənara qoyub şəxsi brend qurmaqla həm çalışdıqları bizneslərinə, həm də ölkəmizin gələcəyinə daha bir töhfə verə bilərlər!