Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
30 ilə yaxın SSRİ-nin xarici işlər naziri olmuş Andrey Qromıko diplomatik fəaliyyətində çoxsaylı rədd cavablarına görə əvvəlcə həmkarları arasında, sonra isə mediada da “Cənab XEYR” ləqəbini qazanmışdı. Özəl strukturların bəzi əməkdaşlarını da davranışlarına görə belə adlandırmaq olur. Hərçənd elə gəlir ki, özəl sektordakılar yeniliyə açıq, çox çevik olmalıdırlar. Ölkəmizdə sahibkarlıq yeni başlayanda belə idi. İndi isə bəzi dövlət qurumları özəl strukturlardan daha müasirdirlər. Dövlət sektorunun bir çox sahələrində son illər sürətlənmiş bu transformasiyaya yalnız sevinmək lazımdır. Lakin özəl sektor da yenilikçi ruhunu itirməməlidir. Hələlik bu kütləvi hala çevrilməyib. Amma daim bütün təkliflərə mənfi cavab verən şəxslərin sayının bu qurumlarda artması narahatlıq doğurur. Ələlxüsus cavan kadrların mühafizəkar mövqedən çıxış etmələri təəccübləndirir.
Hər yeniliyin ardınca qaçmaq da düzgün deyil. Lakin çox konservativ olmağın öz riskləri var. Şirkətin birinci şəxsinin bütün yeni təklifləri rədd etməsi sürətlə dəyişən bazarda həmin qurumun yol kənarında qalması təhlükəsi ilə üzləşdirir. Bəzən yeniliyi rədd etmək hər şeydən asan gəlir. Axı bu halda keçmiş təcrübəyə istinad etmək olar. Bu yolu qərar vermək səlahiyyəti olmayan şəxslər tez-tez seçir. Bəzən rəhbər vəzifələrdə çalışanlar məsuliyyətdən yayınmaq üçün “yox” deməyi üstün tuturlar. Müəyyən peşə sahibləri mühafizəkarlığın xüsusən tərəfdaşları olurlar. Hüquqşünas və maliyyəçiləri göstərmək olar. Onlara haqq qazandırmaq üçün qeyd edim ki, işlərinin mahiyyəti bəzən belə davranmağı tələb edir. Lakin onlar arasında elələri var ki, davamlı belə davranışları ilə “Cənab XEYR” adına layiqdirlər. Bəzən səriştəsi çatmayan şəxs məsul bir vəzifəyə təyin olunur. Adam bunu etiraf etməsə də, öz yerində olmadığını hiss edir və başını daha böyük bəlaya salmamaq naminə hər şeyə “yox” deyir, təki işləri pozmasın. Rəhbər şəxsin təsvir olunan davranışından ən çox əziyyət çəkən onlarla əməkdaşlıq edən, həmçinin onlara tabe olan daha müasirbaxışlı şəxslərdir.
Ətrafınızda “Cənab XEYR”lər var?