blogpost-title

İdarəetmə

Böyükdən kiçiyə SİSTEM

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Son zamanlar tez-tez maraqlı bir halla qarşılaşıram. Bir çox kiçik və orta sahibkarların təsəvvüründə böyük şirkətlər tamamən başqa aləmdir. Orada çalışan işçilər sanki ətrafımızdakı adi insanlar deyil, onları nə idarə etməyə, nə də inkişaf etdirməyə ehtiyac var. Hazır kadrlardır, iri şirkətlərə gəlirlər və orada özləri-özlərinə möcüzələr yaradırlar. Həmin şirkətlərdəki qaydalar təkrarolunmaz və daha kiçik biznesdə tətbiq oluna bilməyəndir. Ən əsası da düşünülür ki, sistemli idarəetmə yalnız elə şirkətlərdə qurula bilər, axı orada çoxlu struktur bölmələr var və hər kəs yalnız öz işi ilə məşğul olur. Biznesin o tərəfini də, bu tərəfini də görən bir şəxs kimi əminliklə bildirə bilərəm ki, bu, bir yanılmadır və təəssüf ki, o, artıq çoxunun inandığı bir mifə çevrilir. Sistemsiz işləyən iri şirkətlər də var, eyni zamanda ən müasir idarəetmə üsullarını uğurla tətbiq edən və sistemli çalışan kiçik və orta sahibkarlar da çoxdur.

İstənilən şirkət SİSTEM qurmalıdır. Menecment quruları başqa çıxış yolu icad etməyiblər. Yox əgər sahibkar hər zaman olduğu yerdə qalmaq istəyirsə, hər zaman özü və komandasını davamlı stresdə çalışdırmaq yolunu seçirsə, sistemsiz davam edə bilər. Bir də çoxu düşünür ki, sistem üçün biz hələ kiçiyik, bir az da böyüyək, sonra bir az da. Başa düşmürlər ki, sistemi qurmadan, hər şeyə bir şəxsin qərar verməsi ilə, kimin nədən cavabdeh olduğunu dəqiq müəyyənləşdirmədən, uzunmüddətli hədəfləri təyin etmədən, biznes prosesləri ölçmədən biznesin böyüməsi çox çətindir. Mümkün olanda da bu, çox aşağı sürətlə və yüksək qiymətə baş verir.

Gördüyünüz ən sistemsiz şirkət hansıdır?