Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)
Çalışdığınız şirkətlərdə Satış və İstehsalat arasında gizli, bəzən açıq münaqişə ilə, yəqin, çoxunuz qarşılaşmısınız. Planları artıqlaması ilə yerinə yetirən satıcılar əksər zaman digər struktur bölmələrə yuxarıdan aşağı baxırlar və özlərini şirkətlərinin kralları hesab edirlər. Daha yüksək nəticələr əldə etməkdə yeganə maneə kifayət qədər məhsuldar çalışa bilməyən İstehsalatın olduğunu hesab edirlər. Əks ssenaridə İstehsalat personalı Satışı bacarıqsız olmaqda və sevə-sevə istehsal olunan yüksəkkeyfiyyətli məhsul sata bilməməkdə ittiham edir, həm də haqqı olmadan vəzifələrinin imtiyazlarından (rahat ofis, korporativ avtomobil, nisbətən sərbəst iş rejimi və s.) istifadə etdiklərini hesab edirlər. Adətən, hər iki tərəf digərinin işinin daha asan olduğunu hesab edir.
Uzun müddət səngərin hər iki tərəfində çalışdığıma görə hər iki mövqeyi başa düşürəm. Təcrübəmə əsasən, bu məsələnin həlli müvəqqəti rotasiyalardır, yəni İstehsalat və Satış əməkdaşlarının qısa müddət digərinin sahəsində çalışmasıdır. İstehsalat adamları narazı müştərilərdən şikayətləri birbaşa eşitdikdən, potensial müştərilərlə görüş təyin etməyin çətinliyini görəndən, məhsul satışında yekun nöqtənin qoyulmasının nə qədər səy tələb etdiyinin şahidi olduqdan sonra sərin satış ofisində oturmağın heç də asan olmadığını anlayırlar. Bir həftə gərgin şəraitdə istehsalda çalışan satıcılar məhsulun ərsəyə gəlməsi üçün nə qədər səy göstərilməli olduğunu, nə qədər testlərin aparıldığı və bunların hansı çətinliklərlə müşahidə olunduğunu görüb həmkarlarının işlərinə daha böyük hörmətlə yanaşmağa başlayırlar.
Əsas məsələ odur ki, satışla tək satış və ya satış və müdir yox, bütün şirkət məşğul olmalıdır. Hər kəs anlamalıdır ki, şirkətin ayaqda durması, uğurlu olması ilk növbədə satışlardan asılıdır. Təbii ki, bu o anlama gəlmir ki, istehsal operatoru, mexanik və ya maliyyə direktoru müştəriləri gündəlik ziyarət etməli, lakin imkan düşdükcə onlar da ətraflarına şirkətləri barədə məlumat verməli, məhsullarını təbliğ etməli, maraqlanan şəxsləri Satışa yönəltməli və bununla satışlara töhfəsini verməlidir.