blogpost-title

Personal development

Xoşbəxtlik ardınca səfər

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bəzi işəgötürənlər düşünürlər ki, onların əməkdaşları zəifdir, əmək bazarında isə əsl qəhrəmanlar var ki, onları işə cəlb edə bilsələr, işlər tamamilə başqa cür gedəcək. Bu yanaşma əksər hallarda yanlış olur. Çünki əməkdaşların zəif çalışmasının çox zaman səbəbi onların düzgün idarə olunmaması olur, yəni şərti “qəhrəmanlar” işə qəbul olunanda da müəyyən müddətdən sonra göstəriciləri həmkarlarının ortastatistik nəticələrinə uyğunlaşır.

Bu vəziyyətin tam əksi ilə də qarşılaşmaq olur. Əməkdaş çalışdığı iş yerini bəyənmir və digər iş yerlərində mühit, korporativ mədəniyyət, idarəetmə və sairənin tamamilə başqa olduğunu düşünür və davamlı iş yerlərini dəyişdirir ki, idealını tapsın. İlk dəfə işi dəyişmək daha çətindir, lakin bir neçə dəfədən sonra bu adiləşir və hətta vərdiş halına çevrilir. Təbii ki, bəzən həmin dəyişikliklər üçün obyektiv səbəblər olur. Həqiqətən, işimizin ürəyimizcə olması çox vacibdir. Nə qədər ailə, yaxınların əhəmiyyətli olmasından danışsaq da, vaxtımızın çox hissəsini işdə keçiririk və orada ən azı davamlı sıxılmamalıyıq. Lakin onu da unutmaq lazım deyil ki, ideal iş yeri, ideal rəhbər, ideal komanda olmur. Həm istənilən qurumun güclü və cəlbedici tərəfləri, həm də insanların bəyəndiyimiz keyfiyyətləri ilə yanaşı çatışmazlıqları var. Bu qaydada bir istisna yoxdur. Yəqin ki, bu, insan psixologiyasına xas bir xüsusiyyətdir ki, bizə hər zaman elə gəlir ki, qonşunun çəməni daha yaşıldır, başqa əməkdaşlar daha məsuliyyətlidirlər, digər iş yerlərində əməyə daha ədalətli qiymət verilir və sairə.

İddialı olmaq və daha yaxşısına can atmaq bir tərəfdən müsbət xüsusiyyətdir. Amma bu məsələdə də bir qızıl orta vacibdir, müsbət və mənfiləri tərəziyə qoyub nəticənin, bəlkə də, ən optimal olduğunu başa düşmək bacarığı lazımdır. Çünki xoşbəxtlik səfərində bəzən ali məqsəd xoşbəxtlikdən səfərin özünə çevrilir. Belə olduqda isə xoşbəxtliyə qovuşma anını dərk etməyib səfərə davam edənlər az olmur.