blogpost-title

Communication

Corporate culture

Nə marağın var?

Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)

Bu işin həllinə yaman can yandırırsan, nə marağın var?

Birbaşa üzə deyilən və ya səslənməyən, lakin ürəklərdə yer alan bu sualla bəzi şirkətlərimizdə qarşılaşmaq mümkündür. İşləmək istəməyən və ya təbiətcə mühafizəkar olan şəxslərdən bu cür yanaşmanı hiss etmək başa düşüləndir. Məqsəd təşəbbüskarlıq nümayiş etdirən işçini ümumi ab-havaya uyğunlaşdırmaq, durğunluq dövrünü maksimal uzatmaqdır. Axı rəhbərlik başqa cür davranışın şahidi olub bütün qalan işçilərdən də daha aktiv olmağı tələb edə bilər. Bu isə komfort zonası ilə vidalaşmaq deməkdir.

Təəccüblüsü odur ki, bir çox halda “nə marağı var?” sualı şirkətin mənafeyini güdən işçilərə münasibətdə sahibkar və rəhbər işçilərdə də yaranır. Onlar hər zaman işçilərin təşəbbüssüz olduğundan şikayətlənir, insan resursları qarşısında işə qəbul etdikləri şəxslərin daha təşəbbüskar olmasına xüsusi diqqət yetirmək tapşırığı qoyur. Nəhayət ki, bu cür işçi şirkətdə çalışmağa başladıqda, onun işgüzarlığı şübhələrin yaranmasına səbəb olur. Bir çox sahibkar və rəhbər vəzifələrdə çalışanlar işçilərinin 9-dan 6-yadək güclə işləməsinə o qədər öyrəşib ki, enerjili və təşəbbüskar işçi ilə qarşılaşdıqda onun şəxsi maddi marağı olduğu barədə dərhal şübhələnməyə başlayır. Nəticədə alınır ki, nə rəhbərlik, nə də həmkarlar hər biri öz səbəbləri ilə təşəbbüskar işçini nəinki dəstəkləmir, hətta ona şübhə ilə yanaşır. Bu cür münasibətlə qarşılaşan şəxs ya qeyri-sağlam ab-havalı şirkəti tərk edir, ya da mühitə uyğunlaşır. Sahibkar isə şirkətdə təşəbbüskarlığın zəif olmasından gileylənməyə davam edir. Halbuki effektiv nəzarət sistemini yaratmaq əvəzinə əsassız şübhələrinin nümayişi ilə təşəbbüskarlığı baltalayan elə özüdür. Dəhşətlisi odur ki, bu hadisə adətən gənc mütəxəssislərin başına gəlir və bir çox halda bütün karyeraları boyu onların davranışlarını mənfiyə doğru dəyişir. Çox nadir insanlar belə şəraitdə təşəbbüskarlığı davam etdirə bilir. Bunun üçün insanın əsl döyüşkən xarakteri olmalıdır.