Author: Shahin Gadimli (shahin.gadimli@fcg.az)
Münaqişələr insan təbiətinin bir hissəsidir. Onların ən iyrənc və iri forması bəşəriyyəti bütün tarixi boyu müşahidə edən müharibələrdir. İş həyatında baş verən lokal münaqişələrdən biri rəhbər və işçi arasında olanlardır. Geniş yayılmış fikirdir ki, rəhbər səlahiyyətli şəxs olduğuna görə belə münaqişələrdə üstün tərəfdir və adətən, yekunda qalib gəlir. Hətta bunu bilən çox əməkdaş nəyin bahasına olursa-olsun, münaqişələrdən yayınır ki, işini təhlükəyə məruz qoymasın. Hər bir halda münaqişə nə rəhbər, nə işçi, nə də onların çalışdıqları qurum üçün arzu olunan deyil. Nəticədə, kimin qalib gəlməsindən asılı olmayaraq, əksər insanlar üçün o emosional streslə müşahidə olunur, iş nəticələrinə və kollektivə mənfi təsir edir.
Adətən, münaqişə səbəbsiz, birdən-birə baş vermir. Əksər vaxt onu qidalandıran amillər olur və gərginlik tədricən artır və sonda münaqişəyə çevrilir. Emosional şəxslər arasında konkret bir məsələ ətrafında qəflətən baş verən mübahisələri münaqişə adlandırmazdım. Çox zaman belə hadisələr növbəti gün unudulur və iş prosesinin tərkib hissəsi kimi dəyərləndirilir.
Əsl münaqişənin baş verməsinin qarşısını almaq onun nəticələrini aradan qaldırılmaqdan asan və effektivdir. İşçi və rəhbər arasında isə münaqişələrin ən doğru profilaktikası mütəmadi kommunikasiyadır. İşçi rəhbərin onun işində nəyi bəyəndiyini və bəyənmədiyini, ondan nə gözlədiyini çox aydın şəkildə başa düşməli, rəhbərdən davamlı əks əlaqə almalıdır. Eyni zamanda rəhbər işçiyə onun idarəetmə tərzi barədə rəy bildirmək üçün şərait yaratmalıdır. Bu cür ikitərəfli kommunikasiya olmadıqda əksər vaxt tərəflərin bir-birindən narazılığı toplanır və yüngül gizli münaqişələri başlayır. Müəyyən müddət belə davam edəndən sonra tərəflərdən birində narazılıqların sayı kritik həddə çatır və ya işçinin, rəhbərin ya da hər ikisinin işdən ayrılması ilə yekunlaşan münaqişələrin yaranmasına gətirib çıxarır. Beləliklə, işçiləriniz və ya rəhbəriniz ilə münaqişə yaşamaq istəmirsinizsə, uyğun formada narahatlıq və narazılıqlarınız barədə onlarla mütəmadi bölüşmək effektiv həll yoludur.