blogpost-title

İdarəetmə

Şəxsi inkişaf

Həqiqətən, yaxşı işçiyəm?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yaxşı işçiləri keçmiş rəhbərləri, bir qayda olaraq, özləri ilə yeni iş yerlərinə dəvət edirlər. Əksər hallarda bu cür iş təklifi əməkdaş və onun işinə ən müsbət qiymətdir. Əgər əməkdaşınız keçmiş rəhbərindən dəvət aldığı üçün işdən ayrılmaq niyyətindədirsə, siz isə yenisiniz və onun işi barədə rəyiniz formalaşmayıbsa, onu saxlamağa çalışmaq lazımdır. Böyük ehtimalla çox yaxşı işçini itirmək üzrəsiniz.

Təbii ki, yaxşı işçi anlayışı nisbidir. Bir rəhbər üçün yaxşı əməkdaş nizam-intizamlı, subordinasiyanı gözləyəndir. Başqası yaltaqlığa dəyər verə bilər. Adekvat rəhbər isə iş nəticələrinə xüsusi diqqət yetirir. Həm də işçinin komandada davranışına əhəmiyyət verənlər olur. Lakin tək yaltaqlığa, həmkarlar barədə məlumatın rəhbərə ötürülməsinə və sair qeyri-sağlam keyfiyyət və bacarıqlara görə keçmiş rəhbərlərdən iş təklifləri nadirən olur.

İşçilər də özlərinə qiymət verirlər. Yəqin ki, fikir vermisiniz, insanlar özləri barədə müsbət düşünməyə meyillidir. Çox nadir hallarda özünü pis işçi, pis övlad, pis ailə başçısı hesab edən şəxslə qarşılaşmaq mümkündür. Yəni özünə qarşı obyektivlik az təsadüf ediləndir. Əksəriyyət özünə layiq olduğundan daha yüksək qiymət verir. Çox kiçik sayda əks kateqoriyaya aid insanlar da var ki, özlərinə qarşı həddindən artıq tələbkardırlar və özlərinə verdikləri qiymət aşağı olur.

Təbii ki, qeyri-obyektivlik az olmur. Amma hər bir halda işçiyə verilən ən mötəbər qiymət onun birbaşa rəhbərinin verdiyidir. Odur ki keçmiş rəhbəriniz, xüsusən, fərqli iş yerlərdən fərqli rəhbərləriniz sizi davamlı olaraq özləri ilə işləməyə çağırırlarsa, böyük ehtimalla, çox, çox yaxşı işçisiniz və sizinlə işləmək məhsuldar və rahatdır. Özünüzü çox yaxşı işçi hesab edirsinizsə, lakin bu cür təklifləri heç zaman almamısınızsa, bu, bir təsadüf də, o qədər də yaxşı işçi olmadığınızın göstəricisi də ola bilər. Ən azı bu mövzuda bir daha düşünməyinizə dəyər.